Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
DİM-dən bildirilib ki, Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif qurumların, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakının əhəmiyyəti barədə danışıb. Məleykə Abbaszadə imtahanların şəffaf keçirilməsində və kütləvi proseslərin idarə olunmasında zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib.
Sədr bildirib ki, DİM-in keçirdiyi imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi davam edir. Bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2650 namizəd müraciət edib. Məleykə Abbaszadə DİM-in ötən il elektron imtahanlar korpusunun istifadəyə verildiyini və kompüterlər vasitəsilə keçirilən imtahanların iştirakçı kütləsinin artacağını nəzərə alaraq yeni texnologiyaların mənimsənilməsi məqsədilə nəzarətçilər üçün ayrıca təlimlər keçiriləcəyini də diqqətə çatdırıb.
DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarə edilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib. O bildirib ki, imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda, bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir. Adıgözəl Həbibov bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəricilərinin nəzərə alındığını söyləyib. Qeyd edib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfər olub. Onlardan 4041 nəfəri (ümumi bazanın 25,8 faizi) zal nəzarətçisi sertifikatı almış şəxslərdir. Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb olunub. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla 90,3 faizinin fəaliyyəti əla, 6,5 faizinin yaxşı, 0,6 faizinin kafi, 0,7 faizinin isə qeyri-kafi qiymətləndirilib.
Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2901 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanlar təqdim olunub.
Nəzarətçilər haqqında daha geniş statistik məlumat DİM-in saytında yerləşdirilib.
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17387607855473629134_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/1738760785501630515_1200x630.jpg)