Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən UZGE – Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri, dosent Gültəkin Coşqun Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Səfər çərçivəsində o, AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) və AzTU-nun nümayəndələri iştirak ediblər.
Gültəkin Coşqun institutun fəaliyyəti barədə məlumat verərək bildirib ki, qurum metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksək keyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətləri təqdim edir. Bununla yanaşı, institut vertolyot eniş zolaqları və müxtəlif növ döşəmə örtü materiallarının səthlərinin sürtünmə əmsallarının tədqiqi istiqamətində araşdırmalar aparır. O, bu sahələrdə AzTU və TAU ilə əməkdaşlığın institut üçün prioritet olduğunu qeyd edib.
Rektor Vilayət Vəliyev AzTU və TAU-nun institutla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, ilkin mərhələdə pilot layihənin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.