Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər mükafatlandırılıblar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov rayonun sosial həyatında fəal iştirakı və səmərəli fəaliyyətinə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən Fəxri Fərmanla təltif edilib. Mükafatlandırılanlar sırasında ADPU-nun IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini Cavad İsmayılzadə də var.
Azərbaycan Respublikasının Gənclər Fondu və Ağ Şəhər Bazar Meydanının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən festivalda da ölkənin ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasından cari il ərzində aktivliyi ilə seçilən təşkilatlar mükafatlandırılıb. ADPU TGT sədri Çiçək Sultanlı, ADPU-nun Şamaxı filialının TGT sədri Nuranə Mirzəyeva və Ağcabədi filialının TGT sədri Fəxriyyə Cəfərova “İlin Tələbə Gənclər Təşkilatı sədri” nominasiyası üzrə mükafatlandırılıblar. Həmçinin, Quba filialının TGT sədri Nurlan Hüseynov və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin TGT sədri Aysu Ələsgərli xüsusi fəallıqlarına görə təltif ediliblər.