“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsi çərçivəsində inkişaf planının hazırlanmasına başlanılıb.
Mektebgushesi.az xəbər verir ki, bu məqsədlə yeni direktor təyin olunan 3 dövlət məktəbəqədər təhsil müəssisəsi seçilib və onların direktorlarına mentorluq xidmətinin göstərilməsinə start verilib. Layihəyə Bakı şəhərində fəaliyyət göstərən 325 nömrəli uşaq bağçasının direktoru Hafizə Məcidova, 158 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Süriyyə Nuriyeva, 161 nömrəli uşaq bağçasının direktoru Nərgiz Zeynalova cəlb olunub.
Mentorluq çərçivəsində həmin direktorlar ilə onların rəhbərlik etdiyi bağçalar üçün inkişaf planının hazırlanmasına start verilib. Bu məqsədlə bağça direktorları ilə görüş keçirilib. Məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyevanın mentorluğu ilə keçirilən görüşdə beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf planını nümunəsi təqdim olunub, İnkişaf planının hazırlanması üçün zəruri olan məsələlər geniş müzakirə edilib. Beləliklə, hər 3 bağça üçün inkişaf planının hazırlanmasına başlanılıb. Prosesdə direktorlara dəstək olmaq məqsədilə mütəmadi müzakirələr aparılır, onların sualları cavablandırılır. İnkişaf planının mart ayında tam hazırlanıb yekunlaşması planlaşdırılır.
İnkişaf planını səmərəli hazırlamaq, bağçalardakı öyrənmə mühitini dəyərləndirmək və inkişaf etdirmək məqsədilə valideynlər və müəllimlərlə sorğuların da keçirilməsinə başlanılıb. Bunun üçün həm valideynlər, həm də müəllimlər üçün sorğu anketi hazırlanıb. Sorğulara layihədə iştirak edən bağçaların valideyn və müəllim heyətləri cəlb olunub. Bu sorğunun nəticələri təhlil ediləcək və inkişaf planında nəzərə alınacaq.
Məlumat üçün bildirək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə keçirilir.
Əsas məqsəd məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin direktorlarının bilik və bacarıqlarını artırmaq, onların pedaqoji idarəçilik səriştələrinin inkişafına dəstək olmaqdır.
Layihə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsində müəyyənləşdirilən məktəbəqədər təhsildə pedaqoji heyətin peşəkarlığının artırılmasını əsas hədəf götürür.