Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 2 Fevral – Gənclər Günü münasibətilə universitetdə fakültələri üzrə ən yüksək akademik göstəriciyə görə fərqlənən tələbələr, eləcədə də tələbə təşkilatlarının fəalları ilə görüşüb. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və tələbələr iştirak ediblər.
Çıxış edən rektor prof. Cəfər Cəfərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü münasibətilə tələbə-gəncləri təbrik edib. Gənclərin cəmiyyətimizin inkişafında mühüm rol oynadığını qeyd edən rektor bildirib ki, onların enerjisi, innovativ düşüncəsi və təşəbbüskarlığı ölkəmizin tərəqqisinin əsas hərəkətverici qüvvələrindəndir. Xüsusilə, ölkəmiqyaslı və beynəlxalq tədbirlərin təşkilində gənclərimizin fəal iştirakı sevindiricidir. Qeyd edilib ki, Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
C.Cəfərov son illərdə gənclər arasında müəllimlik ixtisalarına marağın artdığını və yüksək bal toplayan tələbələrin seçim zamanı pedaqoji ixtisaslara üstünlük verdiklərini diqqətə çatdırıb. Universitetdə aparılan islahatlar – tədrisin məzmun keyfiyyətinin yaxşılaşdırılması, müasir tələblərə uyğun yeni tədris planlarının hazırlanmasından bəhs edən rektor vətənpərvər gələcək nəsillərin yetişdirilməsində müəllimlərin həlledici rollarını xüsusilə qeyd edib, tələbələri zamanın tələbləri ilə ayaqlaşan peşəkar kadrlar kimi formalaşmaq üçün yorulmadan çalışmağa çağırıb.
Daha sonra fakültələr üzrə ötən semestrdə ən yüksək akademik göstəricilər toplamış və universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətində fərqlənən tələbələr təltif ediliblər.
Görüş tələbələrin təklif və rəylərinin müzakirəsilə davam edib.