3 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsi: Konstitusiya və Suverenlik İli” mövzusunda elmi konfrans keçirilib.
Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirin açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e. Üzeyir Zeynalov və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri v.m.i.e. Cavad Cavadov çıxış etmişlər.
Üzeyir Zeynalov çıxışında Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasındakı tarixi roluna diqqət yetirərək bildirmişdir ki,müstəqil Azərbaycan dövləti Ümummilli liderin şah əsəri olduğu kimi, 1995-ci ildə qəbul edilən Konstitusiyamız da onun dərin zəkasının məhsuludur. Azərbaycanın suverenliyinin bərpası isə Ulu Öndərin siyasətinin uğurlu davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında təmin edilmişdir. Cavad Cavadov isə öz növbəsində, dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətə diqqət yetirərək bildirmişdir ki, bu günkü Azərbaycan dövəti tariximizin ən qüdrətli dövlətidir. Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Cavad Cavadov hər iki qurum arasındakı əməkdaşlığın nümunəvi olduğunu qeyd etmişdir.
Konfransda maraqlı məruzələr təqdim olunmuşdur. MDU-nun Təhsil fakültəsinin dekanı, dosent və t.ü.f.d. Nizami Zeynalov “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradıcısıdır”,
MDU-nun baş müəllimi və h.ü.f.d. Hüseyn Əsgərov “Müstəqil dövlətin hüquqi əsası: Azərbaycan Respublikasının Konstitusiyası”,
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Leyla Bayramova “Konstitusiya: Suveren Azərbaycanın uğur təminatçısıdır”,
MDU-nun kafedra müdiri, dosent və r.ü.f.d. Rövşən Babayev “Suverenliyə doğru inamla addımlayan müstəqil Azərbaycan” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə MDU və MARTİ arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə 2025-ci il üçün Fəaliyyət Planı imzalanmışdır.
İmzalanan Fəaliyyət Planı təhsil sahəsindəki qarşılıqlı əlaqələri möhkəmləndirmək, regionda təhsil keyfiyyətini artırmaq və gənclərin təhsilinə dəstək vermək məqsədini daşıyır. MDU və MARTİ arasında həyata keçiriləcək birgə layihələr, elmi və tədris sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradacaq.
Konfransın elmi hissəsinin başa çatmasından sonra, tədbir bədii hissə ilə davam etmişdir.