Dərc olunub: 31.01.2025

“Synergia Academy” və “Facility Management Group” (FMG) şirkətləri, Azərbaycan Texniki Universiteti (AzTU), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə gənclərin karyera inkişafına dəstək göstərən yeni proqramı təqdim edib.

Proqram 18-30 yaş arası ali təhsilli Azərbaycan gənclərinin peşəkar fəaliyyətlərinə dəstək olmağı və onları “FMG”nin tabeliyindəki müxtəlif biznes və ticarət obyektlərində işlə təmin etməyi hədəfləyir.

Tədbirin açılış mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bu cür layihələrin aktual olduğunu vurğulayıb. O, tələbələrin karyera inkişafında universitet proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılmasının, eləcə də sənaye ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov, “Synergia Academy”nin icraçı direktoru Rəna Əfəndiyeva, “FMG”nin icraçı direktoru İlham Allahverdiyev proqramın gənclərə karyera imkanları yaratmaqla Azərbaycanın iqtisadi inkişafına töhfə verəcəyini bildiriblər.

Qeyd edək ki, “Təhsildən – Karyeraya” proqramı “Synergia Academy” və “FMG” şirkətlərinin birgə təşəbbüsü ilə gəncləri müasir peşə tələblərinə uyğun hazırlamaq və onların uzunmüddətli karyera perspektivlərini gücləndirmək məqsədi daşıyır.