Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2024/2025-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası sona çatıb. Beş həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq əyani formada yazılı, ehtiyac yarandığı təqdirdə isə şifahi formada baş tutub.
Bakalavriat səviyyəsində 24 qrup üzrə 50 fəndən, magistratura səviyyəsində isə 5 qrup üzrə 27 fəndən imtahanlar keçirilib.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Daxil olan müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlər görülüb.
İmtahan sessiyasının gedişatı İlahiyyat fakültəsinin dekanlığı, Tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən izlənilib.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, müxtəlif adlı təqaüdlər – Heydər Əliyev adına, Şeyxülislam adına və akademik Vasim Məmmədəliyev adına – veriləcək.