Dərc olunub: 31.01.2025

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün silsilə vebinarlar davam edir. 30 yanvar tarixində baş tutan vebinar “Formativ qiymətləndirmə” mövzusuna həsr olunub.

Mektebgushesi.az xəbər verir ki, vebinarın əsas məqsədi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin formativ qiymətləndirmənin tədris prosesində təkmilləşdirilməsi istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək olub. Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Regional Təhsil İdarələrinin (RTİ) tabeliyində fəaliyyət göstərən metodistlər, həmçinin ARTİ MDM-in əməkdaşları iştirak ediblər. Müzakirə olunan əsas mövzular formativ qiymətləndirmənin mahiyyəti və əsas prinsipləri, müəllim və şagirdlər üçün faydaları, dərs prosesində tətbiq edilən effektiv tətbiq üsulları, şagirdlərə davamlı və konstruktiv rəyvermə və onların inkişafına təsiri, formativ qiymətləndirmədə rəqəmsal alətlərin rolu istiqamətlərini əhatə edib. Eləcə də proses zamanı qiymətləndirmənin şagird nailiyyətinə təsiri, fərdi yanaşmaların tətbiqi və formativ qiymətləndirmənin summativ qiymətləndirmə ilə əlaqəsi təhlil olunub. Müzakirə zamanı spiker formativ qiymətləndirmə vasitələrinin hazırlanması zamanı ədalətli və obyektiv qiymətləndirmə metodlarının tətbiqinin vacibliyini, şagirdlərin inkişafını dəstəkləyən sualların tərtib edilməsinin öyrənmə prosesinə təsirini vurğulanıb. İştirakçılar formativ qiymətləndirmənin tətbiqi zamanı qarşılaşdıqları çətinliklər və bu problemlərin həlli yolları barədə fikir mübadiləsi aparıblar. Vebinarın sonunda mövzu ilə əlaqədar metodistlərə tövsiyələr təqdim edilib.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən bu kimi tədbirlər metodistlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, ümumi təhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsinə dəstək olmağı hədəfləyir. Metodistlərin və müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda vebinarların davam etdirilməsi nəzərdə tutulub.