Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və İtaliya Ticarət Agentliyinin (İTA) nümayəndəsi Nərmin Eyyubova ilə görüş keçirilib.
Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rufanə Əhmədova təmsil ediblər.
Rektor prof. Cəfər Cəfərov qonaqlara Pedaqoji Universitetin beynəlxlaq əlaqələri, icra etdiyi və tərəfdaş olduğu beynəlxalq layihələr barədə məlumat verib.
Görüş çərçivəsində İtaliya-Azərbaycan münasibətləri, Pedaqoji Universitetdə yaradılacaq İtaliya Mərkəzinin fəaliyyət istiqamətləri, İtaliya universitetləri ilə əməkdaşlıq, ikili diplom, Erasmus proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi kimi məsələlər haqqında müzakirə aparılıb.
ATMU-nun nümayəndəsi Orxan Musa İtaliya Mərkəzinin fəaliyyət göstərəcəyi əsas istiqamətlər haqqında ətraflı məlumat verərək, qurulacaq yeni əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.