Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqlar təhsilalanların sosial-psixoloji ehtiyaclarının təmin edilməsində mühüm rol oynayırlar. Bu peşənin sahibləri şagirdlərin öyrənmə deyil, daha çox ümumi inkişafı və cəmiyyətə inteqrasiyası prosesində məktəb və ailə arasında tənzimləyici funksiyanı yerinə yetirirlər.
Şagirdlərin müxtəlif sosial və mədəni mühitlərə uyğunlaşması üçün pedaqoji yeniliklər, müasir metodlar tətbiq edilməlidir. Sosial pedaqoqlar da məktəb mühitində azyaşlıların sosial-psixoloji problemlərini həll etmək üçün onların psixoloji vəziyyətinə uyğun yanaşmalar təklif edirlər. Onların fəaliyyəti mövcud problemlərin həlli ilə məhdudlaşmır, həm də sosial yeniliklər və təşəbbüslərin tətbiqini ehtiva edir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Hikmət Əlizadə “Azərbaycan müəllimi”nə müsahibəsində sosial pedaqoqların tərbiyə məsələlərinə ümumi istiqamətdən deyil, sosial müstəvidən yanaşdığını qeyd edib:
“Məktəblərimizdə tərbiyə işi bu sahəyə məsul olan tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və sinif rəhbərləri tərəfindən həyata keçirilir. Onlar fəaliyyətlərində tərbiyə məsələlərinə ümumi istiqamətdən yanaşır və məktəbdə tərbiyəedici mühitin yaradılmasında böyük rol oynayırlar.
44 gün davam edən Vətən müharibəsi və antiterror əməliyyatları zamanı gənclərimizin göstərdikləri qəhrəmanlıqlarda tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçıların) və sinif rəhbərlərinin ideoloji tərbiyə istiqamətində həyata keçirdiyi işlərin rolu böyük olub.
Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində məktəblərdə sosial pedaqoqlar fəaliyyət göstərirlər. Sosial pedaqoqların fəaliyyəti şagirdlərin tərbiyəsi və inkişafına istiqamətlənib. Lakin sosial pedaqoqlar tərbiyə məsələlərinə tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərləri kimi ümumi istiqamətdən deyil, sosial qruplar müstəvisində yanaşırlar. Bu istiqamətdə sosial pedaqoqlar tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərlərinin pedaqoji fəaliyyəti ilə ziddiyyət təşkil etmir, əksinə, onların işinin səviyyəsinin artmasına xidmət edir.
Məktəbdə şagirdləri müxtəlif meyarlar əsasında qruplara bölmək olar. Məktəbliləri ailənin demoqrafik vəziyyəti baxımından qruplara böldükdə onlar şəhid, qazi, qaçqın, köçkün, natamam, nuklear, mürəkkəb, təkuşaqlı və s. ailələrdən olan şagirdlər sayıla bilərlər. Valideynlərin peşə-təhsil səviyyəsinə görə böldükdə dünyagörüşünə görə fərqlənən, uşağın tərbiyəsi və inkişafı məsələlərini prizmanın müxtəlif bucaqlarından dəyərləndirən valideynlərin övladları, şagirdin inkişaf səviyyəsinə görə böldükdə istedadlı, təlimdə geridə qalan, çətin tərbiyə olunan, iddialı, iddiasız, lider, təcrid olunmuş və s. şagirdlər olur. Qeyd olunan qruplara daxil olan şagirdlərin hər birinin tərbiyəsi və inkişafı özünəməxsus yanaşma tələb edir. Bu məsələ məktəbdə sosial pedaqoqlar tərəfindən həll edilir.
Onlar müxtəlif sosial qruplara daxil olan şagirdlərin tərbiyəsi və inkişafı baxımından zəruri olan metodika hazırlayır və həyata keçirirlər. Məsələn, istedadlı uşağın yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, geridə qalan şagirddə təlim motivasiyasının yaradılması, təcrid olunmuş şagirdin sinif daxili münasibətlərə daxil edilməsi və s. istiqamətlərdə fərdi metodika hazırlayırlar. Bu, şagirdlərin daha yüksək səviyyədə inkişafı üçün yeni üfüqlər açır”.
H.Əlizadə sosial pedaqoqların fəaliyyətinin əhəmiyyətindən danışaraq diqqəti belə kadrların hazırlanması məsələsinə də yönəldib:
“Uzun illər bu məsələ məktəblərdə fərdi yanaşma prinsipinin tələbləri çərçivəsində həyata keçirilirdi. Lakin müasir dövrdə fərdi yanaşma prinsipi müstəvisində bu məsələlərin həll edilə bilməsi çətin görünür. Buna görə də məktəblərdə sosial pedaqoqların fəaliyyət göstərməsi zamanın ehtiyacı kimi dəyərləndirilməlidir. Məsələyə bu istiqamətdən yanaşanda sosial pedaqoq kadrlarının hazırlanması məsələsi aktuallaşır”.