Bakı Avrasiya Universiteti (BAAU) ilə Qırğızıstan Respublikasının bir neçə ali və orta təhsil müəssisələrinin nümayəndə heyəti ilə 2025-ci ilin 30 yanvar tarixində Universitetin konfrans zalında görüş keçirilib.
Görüş zamanı BAAU-nun rektoru dosent Səyavuş Qasımov qonaqları salamlayıb və Universitetdə görməkdən məmnun olduğunu bildirib. S.Qasımov BAAU haqqında, onun maddi-texniki bazası, beynəlxalq əlaqələr sahəsində görülən işləri, elmi-tədqiqat imkanları və təhsil səviyyələri barədə məlumat verib. O, əlavə edib ki, BAAU ilə Qırğızıstan Respublikasının Oş Dövlət Universiteti (OshSU) arasında qurulan əməkdaşlıq hər iki ali təhsil müəssisəsi üçün faydalı olacaq və elmi-tədqiqat işləri ilə ortaq layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaranacaq.
Sonra çıxış üçün söz OshSU-nun İqtisadiyyat, Biznes və İdarəetmə İnstitutunun direktoru professor Timur İsrailova verilib. O, təmsil etdiyi universitetin zəngin tarixi, müasir maddi-texniki bazası, beynəlxalq əlaqələr sahəsindəki uğurları, elmi-tədqiqat imkanları və yüksək təhsil səviyyəsi barədə geniş məlumat verib. Bunlardan başqa O, OshSU-nun regionda və beynəlxalq aləmdə tanınmış bir təhsil və elm mərkəzi kimi fəaliyyət göstərdiyini vurğulayıb. T.İsrailov həmçinin, OshSU ilə digər ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını və bu əməkdaşlığın elmi-tədqiqat işlərinin inkişafı, ortaq layihələrin həyata keçirilməsi və tələbə mübadiləsi kimi sahələrdə yeni imkanlar yaradacağına inandığını bildirib.
Görüşdə iştirak edən Qırğızıstan Respublikasının “Ala-Too” Beynəlxalq Universitetinin nümayəndəsi Ulduz İndiqaraeva təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib, BAAU ilə əməkdaşlıq etməkdən məmnun olacaqlarını və ortaq proqramlar ilə layihələr hazırlamaqda maraqlı olduğunu vurğulamışdır.
Görüşdə Qırğızıstan Respublikasının orta təhsil müəssisələrini təmsil edən nümayəndələr də çıxış ediblər. Çıxışlardan sonra qarşılıqlı əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edilib. Müzakirələr zamanı təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsinə, ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, konfrans və seminarlarda iştirak etmək imkanlarına da toxunulub.
Görüşdən sonra Qırğızıstan Respublikasının təhsil müəssisələrinin nümayəndə heyəti BAAU-nun tədris binası, müasir kitabxanası, auditoriyaları və digər struktur bölmələri ilə də yaxından tanış olublar.