Dərc olunub: 31.01.2025

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində “İnşaat” fakültəsinin yeni Təlim-Tədris Mərkəzində “Söküntü materiallarının təkrar istifadəsi və yol yapışdırıcılarının tətbiqinin səmərəliliyi” mövzusunda elmi seminar keçirilib. “Materialşünaslıq” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda HOLCİM Azərbaycan şirkətinin Beton laboratoriyasının müdiri, yol infrastrukturu üzrə tanınmış ekspert İlqar Abdullayev çıxış edib.

Bu barədə Mektebgushesi.az-a AzMİU-dan məlumat verilib.

Seminarda söküntü materiallarının təkrar emalı, yol inşaatında istifadə olunan innovativ yapışdırıcı materiallar, onların tətbiq sahələri və səmərəliliyi müzakirə olunub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində tətbiq edilən yeni texnologiyalar və materiallar haqqında geniş məlumat verilib. Tədbir iştirakçılar arasında canlı müzakirə və diskussiya şəraitində davam etdirilib.

Seminarda AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev iştirak ediblər. Tədbirin sonunda “Materialşünaslıq” kafedrasının müdiri professor İradə Şirinzadə çıxış edərək seminar iştirakçılarına və HOLCİM Azərbaycan şirkətinə təşəkkürünü
bildirib.

AzMİU-nun özəl sektorla əməkdaşlığı çərçivəsində keçirilən bu cür tədbirlər universitetin inşaat mühəndisliyi sahəsində müasir yanaşmaların tətbiqinə verdiyi töhfənin bariz nümunəsidir. HOLCİM Azərbaycan kimi nüfuzlu şirkətlərlə birgə seminarların təşkili, universitetin elmi potensialının sənaye ilə sintezini gücləndirərək ölkənin inşaat sektorunun inkişafına xidmət edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir.

AzMİU-nun 50 illiyinə həsr olunmuş seminar