Dərc olunub: 30.01.2025

Astronomlar tərəfindən 2024-cü ilin dekabrında kəşf edilən “Asteroid 2024 YR4” 2032-ci il dekabrın 22-də planetimizlə toqquşa bilər.

Mektebgushesi.az -ın “RIA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Ka-Dar rəsədxanasının və “Astrovertı” astrofermanın elmi rəhbəri, astronom Stas Korotki məlumat verib.

Bildirilib ki, bu, 33 günlük müşahidələrdən sonra məlum olub.

Alimin sözlərinə görə, diametri 70 metr olan asteroid (Çelyabinsk meteoritindən 3-4 dəfə böyük) ehtimal ki, Mərkəzi Afrika və ya Atlantik okeanı ərazisində düşəcək. Nəticədə yerli fəlakət yaranacaq – 30 km radiusda evlər dağılacaq.

“Hazırda Yerlə toqquşma ehtimalı müxtəlif qurumlar tərəfindən 0.5%-dən 6%-ə qədər qiymətləndirilir. 6% o deməkdir ki, vəziyyətin inkişafının 16 variantından biri toqquşmanı nəzərdə tutur”, – deyə Korotki bildirib.

Astronom əlavə edib ki, toqquşma ehtimalında bu cür böyük fərq müşahidə dövrünün çox qısa olması və proqnozun səkkiz illik uzun müddətə edilməsi ilə izah olunur. Məlumatlar 2028-ci və 2029-cu illərin astanasında əlavə olaraq dəqiqləşdiriləcək. Beləliklə, asteroidin düşməməsi də tam mümkündür.