“Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində artıq hibrid və elektrik avtomobillər emalatxanası qurulur. Bu il həmin mərkəzin yeni binasının açılışı olacaq və qeyd edilən istiqamət üzrə tədrisə başlanacaq”.
Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev “Lənkəran-Astara iqtisadi rayonunun inkişafında peşə təhsilinin rolu: İmkanlar və çağırışlar” mövzusunda Lənkəran şəhərində keçirilən regional konfransda səsləndirib.
Onun sözlərinə görə, əmək bazarının tələbləri daim yenilənir və ona uyğun yeni ixtisaslar yaranır:
“Məsələn, “Kibertəhlükəsizlik”, “İnformasiya təhlükəsizliyi”, “Hibrid və elektrik avtomobillər” və s. bağlı ixtisaslarımız var. Peşə təhsili müəssisələrində bu ixtisaslar bu ildən tədris olunur. Bu, onu göstərir ki, peşə təhsili müəssisələri tərəfindən əmək bazarının tələbləri daim təhlil edilir, yeni ixtisaslar üzrə müasir maddi-texniki bazası olan emalatxanalar qurulur”.