Dərc olunub: 28.01.2025

Astronomlar müəyyən ediblər ki, Böyük Partlayışdan milyonlarla il sonra yaranan ilk ulduzlar Kainatın su ilə zənginləşməsində əsas rol oynayıb. Bu nəticələr alimlərin erkən Kainatda suyun yayılması haqqında təsəvvürlərini dəyişir.

Mektebgushesi.az xəbər verir ki, bu barədə “Universe Today” (UT) portalı məlumat yayıb.

Su molekulları hidrogen və oksigendən ibarətdir. Hidrogen Böyük Partlayışdan dərhal sonra başlanan proseslər nəticəsində yaranıb, oksigen isə sonradan nəhəng ulduzların daxilində əmələ gəlməyə başlayıb. Ulduzlar məhv olduqca bu elementlər kosmosa atılıb və suyun formalaşmasına səbəb olub.

Son vaxtlara qədər hesab edilirdi ki, su xeyli sonra, ikinci nəsil ulduzların yaranması ilə geniş yayılıb. Lakin yeni tədqiqat göstərib ki, ilk ulduzlar artıq Kainatda əhəmiyyətli “su izi” qoyub.

Belə ulduzlar yalnız hidrogen və heliumdan ibarət nəhəng obyektlər idi. Alimlər onların təkamülünü və partlayışlarını modelləşdirərək göstəriblər ki, belə ulduzların məhvi zamanı böyük miqdarda oksigen ayrılıb. Günəşin kütləsindən 200 dəfə böyük olan bu nəhəng ulduzlar ən parlaq ifrat yeni ulduzlar kimi həyatlarını başa vurub, ətraf mühiti oksigen və digər elementlərlə zənginləşdiriblər. Bu qalıqlardan yaranan molekulyar buludlar Süd Yolundakı oxşar buludlardan 10-30 dəfə çox su ehtiva edirdi.

Araşdırmaçıların hesablamalarına görə, Böyük Partlayışdan 100-200 milyon il sonra molekulyar buludlar həyatın yaranması üçün yetərincə su və digər elementlər daşıyıb. Lakin həyatın bu qədər erkən dövrdə həqiqətən yarana bilib-bilməməsi hələ də aydın deyil. Həmçinin, alimlərin fikrincə, erkən Kainatda suyun ionlaşma prosesləri sonucunda məhv ola biləcəyini də nəzərə almaq lazımdır.