“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən yanvarın 22-də onlayn görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün məqsədi ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi üzrə metodistlərə metodiki dəstəyin göstərilməsi, həmçinin qarşıda duran əsas fəaliyyətlərin müzakirə edilməsi olub.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Rayon Təhsil idarələrinin (RTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər, ARTİ MDM-in idarəetmə heyəti və əməkdaşları iştirak ediblər. Görüş interaktiv formatda təşkil olunub, metodistlərlə müasir metodiki yanaşmalar, innovativ üsullar və aktual problemlərlə bağlı planlaşdırılan fəaliyyətlər müzakirə edilib.
Belə ki, görüş zamanı metodiki işin təşkili istiqamətində ümumi məsələlər də müzakirə olunub. Bu müzakirələr zamanı iştirakçılar ümumi təhsil müəssisələrində metodiki işlə bağlı təşkilati işlərin təkmilləşdirilməsi, metodiki dəstək sahəsində qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin müəllimlərə göstərdikləri metodiki dəstəyin effektivliyini artırmaq və təhsil sahəsində yenilikləri təşviq etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Təhsil sahəsində innovasiyaların tətbiqinə və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə yönələn bu kimi tədbirlərin gələcəkdə də mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan müəllimi