Müəllimlər və elm adamları
Ulu Öndər Heydər Əliyevin: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”, – kəlamı heç zaman öz əhəmiyyətini itirməyəcəkdir. Söhbət gələcəkdən gedirsə, gənclikdən danışmaq, ona hədəflənmək ən doğru yoldur. Dövlət başçımız cənab İlham Əliyev də hər çıxışında məhz gəncliyin tərbiyəsindən, onların milli dəyərlərə sadiq, vətənpərvər ruhda yetişməsindən xüsusi olaraq danışır. Gənc nəslin tərbiyəsi isə əsasən erkən uşaqlıq dövründən başlayır və məktəbdə davam edir.
Dövlətin bu istiqamətdə müstəqillik dövründə formalaşdırdığı və həyata keçirdiyi Gənclər siyasəti 44 günlük Vətən müharibəsində öz nəticəsini verdi. Gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərərək yeni qəhrəmanlıq salnaməsini yazdılar. Lakin unutmayaq ki, Zəfərdən sonra Yeni dövr, yeni çağırışlar gənclərin tərbiyəsində daimi inkişaf və yeni yanaşmalar tələb edir. Tez-tez eşitdiyimiz tənqidi və yaradıcı düşüncə, kommunikativ və rəqəmsal bacarıqlarla yanaşı, güclü xarakterin formalaşması, dözümlü, məsuliyyətli, milli dəyərlərə sadiq, vətənpərvər, dürüst və vicdanlı gəncliyin formalaşması məsələsi hər zamam bizi düşündürməlidir. Ölkəmizin coğrafi və geosiyasi mövqeyi güclü, savadlı, məqsədyönlü gəncliyin tərbiyəsi məsələsini diqtə edir. Bu mənada xarakterin förmalaşması anlayışı bütün deyilənləri ümumiləşdirir. Bu həm də gəncləri yad təsirlərdən qoruyan vasitədir.
Bir çox ölkələrdə xarakterin formalaşması təhsil sisteminin ayrılmaz komponenti kimi verilir. Azərbaycanda “Ümum təhsil pilləsinin dövlət standartları və proqrqamları” sənədi 2020-ci ildə qəbul edilmişdir. Sənədin “Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələr” adlı səkkizinci bölməsində səriştə anlayışı açağıdakı kimi təqdim olunur: “Səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, hər hansı bir fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə inteqrasiya, məşğulluq, ömürboyu təhsil üçün zəruri olan bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Səriştələr ümumi təhsil səviyyəsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır”. Onu da qeyd edim ki, ona qədərki Kurikulum sənədində dəyər anlayışı xüsusi olaraq səriştələr təsnifatında öz əksini tapmamışdır.
Ümumi təhsil pilləsində formalaşdırılan səriştələr təsnifatına dəyərlər anlayışının da artırılması və “dəyərlər – milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət”,- kimi açıqlamanın verilməsi yeni perspektivlər açır, daha məqsədyönlü vətəndaş tərbiyəsi üçün geniş imkanlar yaradır. Bütün bunlara istinadən xarakterin formalaşması məsələsi istiqamətində qaydalar toplusu hazırlamaq və illik planlaşdırmada ardıcıl və sistemli yanaşmalar qoymaq olar. Düşünürəm ki, tez-tez işlənən bilik, bacarıq, səriştə anlayışının yanında xarakter anlayışı da diqqət mərkəzinə çəkilməlidir. Xarakterin formalaşmasında müxtəlif aspektlər vacib amildir, onun formalaşmasında dəyərlər, məqsədlər, standartlar meyar amili kimi işlənə bilir. Özünənəzarət, özünütərbiyə, özünüqiymətləndirmə də bu aspektlər kontekstində üzərində düşünülməli məsələlərdir. Onların xarakterin formalaşmasında rolu araşdırılmalıdır. Tez-tez cəmiyyətdə eşitdiyimiz fikirlər-gənclərin məqsədsiz addımlaması, məsuliyyətsizlik, etinadsızlıq kimi amillərin köklü səbəbləri ilə yanaşı, ondan xilas olmanın yolları da sistemli tətbiq olunmalıdır. Bu baxımdan özünənəzarət, özünüidarə, özünüqiymətləndirmə keyfiyyətlərinin aşılanması çox mühüm tərbiyə vasitələri kimi tədqiqat obyekti ola bilər. Son dövrlər yeni çağırışlar olan “müstəqil öyrənmə”, “ömürboyu təhsil” anlayışları da bu vasitələrin vacibliyini diqtə edir. Yeni təhsil sənədində dəyərlərin çox açıq bir formada qeyd olunması təlim və tərbiyə prosesində yeni perspektivlər yarıdır. Milli kimliyin dərki və milli iftixar hissinin aşılanması üzrə yeni proqramların hazırlanması, habelə sosial məsuliyyət və insan haqlarını qoruma prinsipləri istiqamətində şagirdlər və tələbələr arasında şüur formalaşdırmaq bu ilin “Konstitusiya və suverenlik ili” çərçivəsində də vacib amildir. Bu, vətəndaşlıq məsuliyyətini dərindən hiss edən bir nəsil yetişdirməyə kömək edəcəkdir.
Bəs özünənəzarət nədir?
Özünə hakim olmaq- insanın öz düşüncələrini, duyğularını-sosial-emosional durumunu, davranışlarını və fiziki sağlamlığını idarə etmək və tənzimləmək qabiliyyətidir.
Bu, müəyyən standartlara, dəyərlərə və ya məqsədlərə uyğun olaraq insanın özünü şüurlu şəkildə izləmək və tənzimləmək prosesidir.
Bunu “Özünü idarəetmə” adlandırmaq da olar. Özünüidarəetmə bacarıqları özünənəzarətdən başlayır və xarakterin formalaşmasında mühüm rol oynayır.
Özünənəzarət bacarıqlarını necə inkişaf etdirmək olar?
Xarakterin formalaşması bir təhsil siyasəti kimi şəxsə özünənəzarət və özünüqiymətləndirmə vərdişlərinin aşılanmasını önə çəkir. Özünənəzarət bacarıqlarını konkret məqsədlər qoymaqla, planlaşdırma, zamanın idarə olunması, emosional intellektin inkişafı və müsbət vərdişlərin formalaşması ilə inkişaf etdirmək olar.
Beləliklə təhsil sistemində bilik, bacarıq və səriştə ilə yanaşı, xarakter tərbiyəsi üçün daha sistemli addımlar atmalıyıq. Xüsusi olaraq:
- Xarakterin formalaşması üçün yeni metodik sistem;
- Tədris proqramında dəyərlərə dair materiallar sisteminin formalaşdırılması;
- Özünənəzarət, özünüidarə və özünüqiymətləndirmə vərdişlərinin aşılanması ətrafında metodik üsullar.
Azərbaycanın parlaq gələcəyi gəncliyin düzgün istiqamətləndirilməsi və xarakter tərbiyəsindən asılı olacaq. Bunu hər hansı bir məktəbdə təcrübədən keçirməklə nəticələrə əsasən qərarlar vermək olar. Bu yolda atılacaq hər addım yeni nəsilin daha bilikli, məsuliyyətli və şüurlu bir cəmiyyət yaratmasına təkan verəcəkdir. Bu istiqamətdə polimika açmaq da faydalı olar.
Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Mehriban Vəliyeva.