25 yanvar 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və DİM-in Naxçıvan Regional Bölməsinin dəstəyi ilə NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziyada regionun ümumi təhsil müəssisələrinin xarici dil fənnini tədris edən 260 nəfərə yaxın müəllimi ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan DİM-in Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov iştirakçıları salamlayaraq görüşün region müəllimləri üçün əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva görüşün əsas məqsədinin ümumi və tam orta təhsil səviyyələri üzrə xarici dil fənni proqramları və yeni tipli test tapşırığı nümunələrinin pedaqoji heyətə təqdim etmək olduğunu bildirib. K.Hacıyeva Mərkəzin xarici dillərin tədrisinə qoyulan müasir tələbləri nəzərə alaraq bir sıra tədqiqat əsaslı layihələr həyata keçirdiyini və statistik araşdırmalar apardığını qeyd edib. O, həmçinin əldə olunan nəticələrə əsasən, ümumi və tam orta təhsil səviyyələrində yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun attestasiyası zamanı xarici dil blokunun dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin müvafiq səviyyələrinə uyğunlaşdırılmasına zərurət yarandığını bildirib. Şöbə müdiri orta məktəb şagirdlərinin yekun attestasiya imtahanı nəticələrinin ildən-ilə müsbət istiqamətdə dəyişdiyini və şagirdlər tərəfindən açıq sualların cavablandırılması üzrə faiz göstəricilərinin artması faktlarını vurğulayıb.
Plenar iclasdan sonra konfrans öz işini ingilis, rus, alman və fransız dili fənləri üzrə seminarlarda davam etdirib. DİM-in fənn kuratorları N.Kərimova (ingilis dili), X.Babaşova (rus dili) və Z.Q.Əlizadə (fransız dili) müvafiq olaraq ümumi və tam orta təhsil səviyyələrində xarici dil fənni proqramları, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahan modelinə edilmiş dəyişiklik haqqında geniş məlumat veriblər. Alman dili üzrə seminar isə kurator M.Muradov tərəfindən hibrid formada keçirilib.
Əməkdaşlarımız 2025-ci ildə ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil blokunda tətbiq olunacaq üç ardıcıl şəkil əsasında hekayə qurmaq, yəni yazı bacarıqlarını yoxlayan yeni tapşırıq modelini və qiymətləndirmə meyarlarını, həmçinin müstəqil öyrənməni təşviq etmək üçün şagirdlərin öz bilik və bacarıqlarını yoxlamaları üçün Mərkəzin dərc etdirdiyi resurlarları da təqdim ediblər.