2024-cü ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə layihəsi olan “Cerebry” rəqəmsal platformasının ümumtəhsil müəssisələrində istifadəsinə başlanılıb.
Mektebgushesi.az xəbər verir ki, platforma təhsilalanların səriştə əsaslı tapşırıqları həll etmək bacarığının təkmilləşdirilməsi məqsədilə seçilmiş 367 məktəbdə istifadəyə verilib və 2025-ci ilin fevral ayından etibarən daha 170 məktəbin layihəyə qoşulması nəzərdə tutulur. Qeyd edək ki, hazırda platformadan 70 mindən çox şagird istifadə edir.
Platformanın istifadəsində əsas məqsəd şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri real həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsidir.
“Cerebry” platforması müasir texnologiyalar vasitəsilə şagirdlərin fərdi inkişafını izləməyə və qiymətləndirməyə imkan verir. Sistem müəllimlərə şagirdlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək edir, bununla da təlim prosesini daha effektiv və məqsədyönlü təşkil etməyə şərait yaradır.
Layihə çərçivəsində müəllimlər üçün xüsusi təlimlər təşkil edilib və məktəblərdə platformanın tətbiqi ilə bağlı texniki və metodiki dəstək təmin olunub. Layihənin həyata keçirildiyi məktəblərə mütəmadi olaraq platformanın istifadəsi ilə bağlı metodik dəstək verilməsi davam etdirilir.
Qeyd edək ki, yanvar ayında layihə tətbiq olunan ümumtəhsil müəssisələrinin 9 və 10-cu siniflərində böyük summativ qiymətləndirmədə səriştə əsaslı suallar yer alıb. ARTİ tərəfindən hazırlanmış böyük summativ qiymətləndirmə mərkəzləşdirilmiş qaydada keçirilir.
Platforma həm müəllimlərin dərs prosesini şagirdlərin ehtiyaclarına uyğun formada təkmilləşdirməsi, həm də təhsil siyasətinin təkmilləşdirilməsi üçün faydalı alət kimi istifadə oluna bilər.