“– Aləmdir!
– Möhtəşəmdir!
– İnanılmazdır!”
İngilis yazçısı Vilyam Qoldinq ixtisasca müəllim olub. Müharibənin simasızlaşmış simasını görən Qoldinqin insanlara sözü var idi. Bu “Söz” uşaqların saf dünyası ilə “Milçəklərin Tanrısı”nda zühur edir. Qoldinq, insanların daxili xislətinin sivilizasiyanın maskası altında gizləndiyini, lakin bu maskanın asanlıqla parçalana biləcəyini vurğulayır. Bir çoxları üçün bəşəriyyət əsirdir, Vilyam üçün isə bəşəriyyət xəstədir və o, buna əmindir!
Vilyam Qoldinqin “Milçəklərin Tanrısı” əsəri insan təbiətinin dərinliklərinə enən, cəmiyyətdə qanun və qaydaların yoxluğu şəraitində insan psixologiyasını təhlil edən maraqlı və düşündürücü bir romandır. Əsər müharibə dövründə, təyyarə qəzasında tropik adaya düşən bir qrup oğlan uşaqlarının həyatını və onların cəmiyyət qurmaq cəhdlərini təsvir edir. Lakin zamanla bu cəhdlər uğursuzluqla nəticələnir və bu, insanın daxili vəhşiliyinin üzə çıxmasını göstərir. Evdə aldıqları tərbiyə və təhsil uşaqları vəhşiliyə yuvarlanmaqdan saxlaya bilmir, çünki insanlığın çox nadir tipləri mənəvi tərbiyə ilə daha çox möhkəmlənmiş olurlar.
Müəllifin əsərdə uşaqları obraz kimi seçməsi əsərin əsas mesajını daha güclü və təsirli şəkildə çatdırmaq məqsədi daşıyır. İlk baxışda uşaqların seçimi onların masumluğunu vurğulamaq kimi görünür, lakin məhz bu masumluq müəllifin təqdim etmək istədiyi insan təbiətinin mürəkkəb və qaranlıq tərəflərini daha dramatik şəkildə ortaya qoyur. Müəllif uşaqları seçərək göstərir ki, insanın içindəki şər və vəhşilik yalnız böyüklərə məxsus deyil. Hətta cəmiyyətin ən masum hesab edilən üzvləri, yəni uşaqlar belə, sivilizasiyanın qaydaları aradan qalxdıqda ibtidai instinktlərə qayıda bilirlər. Uşaqların cəmiyyətlərinin dağılması, böyüklərin dünyasında müharibələrin və xaosun bir metaforasıdır. Bu seçim, həmçinin böyüklərin məsuliyyətsizliyinə işarə edir. Əsərin başlanğıcında onların adaya düşməsi, bir hərbi münaqişənin nəticəsi idi. Bu, bir növ, böyüklərin yaratdığı xaosun günahsız uşaqlara sirayət etməsinin rəmzidir.
Və müəllifin uşaqları seçməklə vurduğu ən böyük “sillə” budur: “Uşaqlar böyüklərin cəmiyyətinin sadə və xam bir modelini təmsil edirlər.” Bu ən böyük sübutdur ki, bir cəmiyyətin güzgüsü, o, cəmiyyətin uşaqlarının davranışdır.
Sözün düzü, əgər müəllif olsaydım uşaqları istifadə etmək mənim üçün çox çətin və narahatedici bir seçim olardı. Lakin, müəllifin bu qərarı əsərin mesajını gücləndirmək üçün çox təsirli bir vasitədir.
Qoldinqin dili sadə olsa da, təsvir etdiyi hadisələr və mənalar dərin fəlsəfi düşüncələr doğurur. Təbiət təsvirləri oxucunu adadakı vəhşi mühitə aparır, eyni zamanda uşaqların daxili vəziyyətini əks etdirir. Müəllif sanki təbiəti daha səxavətli və daha ali orqanizm kimi təsvir edir. Deyir ki: “çiçəklər qarşısında bütün düşmənlik əriyirdi”. Təbiət əsərdə sanki səssiz bir şahiddir. İnsanın vəhşiliyinə baxan, amma hər zaman öz ali harmoniyasını qoruyan əbədi bir qüvvədir. Çiçəklərin sakitliyi, meşələrin sükutu və ocağın işığı təbiətin insanların içindəki bütün ziddiyyətlərə və şər instinktlərə qarşı səxavətli, eyni zamanda tükənməz bir harmoniya ilə dayandığını göstərir. Təbiət nə insanın vəhşiliyinə müdaxilə edir, nə də onu cəzalandırır, o, sadəcə varlığını davam etdirir, çünki insanın şəri qarşısında təbiətin ali nizamı həmişə qalib gəlir. Qoldinq təbiəti təkcə bir fon kimi deyil, həm də insan təbiətinin güzgüsü, onun keçici çırpınışlarını əks etdirən əbədi bir poema kimi təsvir edir.
Digər tərəfdən, gülün qönçələrini şama bənzətməklə, Qoldinq həyatın və təbiətin gözəlliyi ilə eyni zamanda ölüm və tündlüyü simvollaşdırır. Şam işığı həm işıqlandırma, həm də məhv etmə gücünə sahibdir. Bu cür təsvirlər əsərdəki gərginliyi və tənəzzülü ortaya çıxarır. Gülün qönçələrindəki təravət və həyat şamın işığında itir, bu isə əsərin əsas mövzularına, insanın daxili vəhşiliyinə və sivilizasiyanın zəifliyinə işarə edir. Bu cür təsvirlər, oxucunun əsəri yalnız bir hekayə olaraq deyil, həm də simvolik və fəlsəfi dərinliyi olan bir təcrübə kimi hiss etməsini təmin edir. Gülün qönçələri ilə şamın bənzədilməsi kimi təsvirlər, əsərin əsas mesajlarını daha aydın və dərin bir şəkildə çatdırır.
Ocaq, ənənəvi olaraq, evin, ailənin və sivilizasiyanın mərkəzi olaraq qəbul edilir. Əsərdə ocaq, sivilizasiyanın və qaydaların təmsilçisidir. Uşaqlar adaya düşəndə əvvəlcə bu mərkəzi yığışma nöqtəsi, bir növ sivilizasiyanın qalıntısı kimi təsvir edilir. Əgər ocaq yanırsa, bu sivilizasiyanın izləri qalır. Lakin zaman keçdikcə ocağın ətrafında toplanan uşaqların davranışları dəyişir və ocaq da tədricən yanmağa başlayır, sivilizasiyanın zəifliyini və hətta dağılmasını simvollaşdırır. Ocaq həm də həyatın, işığın və ümidin simvolu olaraq çıxış edir. Bəzi simvollarda ocaq, uşaqların həyat və gələcək üçün ümid bəslədikləri bir nöqtədir. Ocağın söndüyü an isə həm bir mədəniyyətin, həm də bu ümidin sona çatdığını göstərir. Bu təsvir əsərin əsas emosional gərginliklərini və dinamikasını artırır, çünki oxucu ocağın sönməsini bir şeyin itirilməsi, hər şeyin sona çatması olaraq hiss edir.
“Milçəklərin Tanrısı” sadəcə bir roman deyil, eyni zamanda bir insanlıq dərsidir. Əsərin verdiyi ən böyük mesaj insan təbiətinin dərinliklərində gizlənən yırtıcılıq potensialıdır. Əsər göstərir ki, sivilizasiyanın qayda-qanunları, əslində, insanın təbii vəhşi instinktlərini nəzarətdə saxlayan incə bir örtükdür. Bu qaydalar yox olduqda və ya zəiflədikdə, insanın içindəki ibtidai instinktlər ortaya çıxır.
Əsərin adı “Milçəklərin Tanrısı” simvolik məna daşıyır və əsərin əsas fəlsəfi mesajına işarə edir. Bu ad birbaşa olaraq Bibliyadakı “Belzebub” obrazına – “Milçəklərin Tanrısı” – istinad edir. “Belzebub” xaos, günah və vəhşi qüvvələrin simvoludur. Əsər, müxtəlif simvollar və hadisələrlə dolu olduğu üçün oxucunun diqqətini çəkir və onu hekayəni izləməkdən daha dərin təhlillərə yönəldir.
Simona “Milçəklərin Tanrısı” kimi görünən donuzun başı da əsərdə insanın daxili şər təbiətini təmsil edir. Uşaqlar adada qeyri-müəyyən “canavar”dan qorxurlar, lakin əsərin mesajı budur ki, əsl “canavar” onların öz içlərindədir.
“Milçəklərin Tanrısı” həm sosioloji, həm də psixoloji baxımdan dərin bir əsərdir. Vilyam Qoldinq bu əsərlə oxucularını insan təbiətinin qaranlıq tərəflərini görməyə və öz cəmiyyətlərinin dəyərini təqdir etməyə çağırır. Kitab hər bir oxucunun şəxsi düşüncə dünyasına təsir edə biləcək gücə malikdir və mütləq oxunmalı əsərlər siyahısında yer almalıdır.
Müəllif əsərin sonunda hər hansı konkret cavab vermir. Bunun əvəzinə oxucunu insan təbiəti, cəmiyyətin əhəmiyyəti və sivilizasiyanın rolu haqqında dərin düşüncələrə sövq edir. Oxucunun qavrayışı və dünyagörüşündən asılı olaraq bu suallar müxtəlif cavablar ala bilər, lakin əsas məqsəd bu sualların daim aktual qalmasıdır.
Bu əsərin motivləri əsasında iki film çəkilib.
1963-cü ildə ağ-qara ekranlara çıxan filmin rejissoru Piter Brukdur. Qara-ağ formatda çəkilən bu film kitabın hadisələrini kifayət qədər dəqiq əks etdirir. Daha çox romanın dramatik atmosferini və fəlsəfi məzmununu vurğulamağa çalışır. Filmin minimal musiqi və təbiətin səsi ilə çəkilməsi onun realizmini artırır.
Rejissoru Harri Huk olan ikinci film isə 1990-cı ildə çəkilib. Bu versiya daha müasir elementlər əlavə edilərək çəkilmişdir. Film tənqidçiləri isə daha çox birinci filmi uğurlu sayırlar.
İllər öncə mavi ekranlarda yayımlanan “LOST” serialı isə mənim yaddaşımda dərin iz buraxıb. Təyyarə qəzasından sağ çıxanlara Tanrının mesajı var idi. O zamandan bəri özümə sual etmişəm: “Əgər mən belə bir vəziyyətə düşsəydim, necə davranardım?” Məncə, ağıllı düşünən kimsə bu suala konkret cavab verə bilməz. Çünki, yaşamadığı hisslər haqqında insanın tam cavab verə bilməsi mümkün deyil.
Daniel Kuinin “İsmayıl” əsərində səsləndirilən taleyüklü məsələyə Vilyam da eyni yanaşma sərgiləyir: Biz ya özümüz özümüzü yer üzündən siləcəyik, ya da planetdəki münbit şəraiti tədricən azaldaraq nəhayət heçə endirib onu xarabalığa çevirəcəyik.
Sonda hər kəsin özünə verməli olduğu böyük bir sual qalır: “Yaşam və hakimiyyət savaşında mənim şəxsiyyətim hansı formalara çevrilə bilər?”
Əsərin əsas sualı isə budur: “İnsan təbiətcə yaxşıdır, yoxsa pis?”
İlahə Ümidli