Londonda keçirilən “Təhsil və texnologiya sərgisi Bett 2025” sərgisi davam edir. Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov “Bett 2025” çərçivəsində Dünya Təhsil Forumunun direktoru Dominik Savaj və Birləşmiş Krallığın Təhsilin İnkişafı Fondunun təsisçisi və sədri Karl Vard ilə görüş keçirib.
Bu barədə TİF-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüş zamanı müasir təhsil sistemlərinin inkişafına dair bir sıra aktual mövzular müzakirə edilib. Xüsusilə ekoloji dayanıqlı təhsil infrastrukturunun yaradılması, iqlim dəyişikliyi ilə mübarizədə təhsilin rolu və süni intellektin tədris prosesinə inteqrasiyası məsələləri diqqət mərkəzində olub. Tərəflər təhsildə sıfır emissiya prinsiplərinin tətbiqinin əhəmiyyətini və ekoloji cəhətdən təmiz təhsil müəssisələrinin təşviqini vurğulayıb. Bununla yanaşı, təhsilin iqtisadiyyatla əlaqələndirilməsi və təhsilin iqtisadi inkişafın sürətləndirilməsində oynadığı roldan da bəhs edilib.
Müasir dövrün ən mühüm çağırışlarından biri olan süni intellektin tədris prosesinə inteqrasiyası mövzusu da geniş şəkildə müzakirə edilib. Elnur Nəsibov süni intellektin müəllimlərin və tələbələrin fəaliyyətini necə dəyişə biləcəyi, tədris metodlarının necə daha səmərəli hala gətirilə biləcəyi barədə fikirlərini paylaşıb.
Bundan əlavə, görüşdə universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, elmi-tədqiqatların gücləndirilməsi və tədqiqat universitetlərinin inkişafı məsələləri müzakirə olunub.
Tərəflər həmçinin dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində təhsil layihələrinin maliyyələşdirilməsi və universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparıblar.
Elnur Nəsibov təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının (PPP) təhsil layihələrinin maliyyələşdirilməsi və təhsil infrastrukturunun inkişafında mühüm rol oynadığını bir daha vurğulayıb. O, qeyd edib ki, TİF bu istiqamətdə xüsusi fəaliyyət göstərir və artıq bir sıra mühüm addımlar atılıb. Məsələn, Fondun vasitəçiliyi ilə 7 məktəb, PPP çərçivəsində təmir olunur, bu da təhsil infrastrukturunun modernləşdirilməsinə və tədris mühitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm bir layihədir.
Müzakirələr zamanı Təhsilin İnkişafı Fondu ilə Dünya Təhsil Forumu və Birləşmiş Krallığın Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq barəsində razılıq əldə edilib.