“Agro Dairy” şirkəti və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əmək bazarı və elm-təhsil sahəsində əməkdaşlığın inkişafına dair görüş keçirilib.
Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.
Görüş zamanı tələbələrin real iş mühiti ilə yaxından tanış olması, istehsalat təcrübəsi keçməsi, aqrar sahədə müasir texnologiya və innovasiyalardan istifadə edərək praktiki biliklər əldə etməsi, eləcə də onların uğurlu karyera qurmasına dəstək verilməsi məsələləri məsələləri diqqət mərkəzində olub. Bundan əlavə, təcrübə proqramları, təlimlər və əməkdaşlığın potensial istiqamətləri müəyyən edilib.
Tədbir iki mərhələdə baş tutub – əvvəlcə ADAU rəhbərliyi ilə, daha sonra isə fakültə dekanı və kafedra müdirləri ilə müzakirələr aparılıb. Görüşdə “Agro Dairy” şirkətinin əməkdaşları şirkətin kadr siyasəti və gənc mütəxəssislər üçün yaradılan imkanlar barədə ətraflı məlumat təqdim ediblər.