“O hadisə mənə dəhşətli dərəcədə pis təsir edib. Özümə gələ bilmirəm. Onlar haqqında danışanda gözümün önündən kino lenti kimi keçirlər sanki. Sözüm çoxdur, amma danışa bilmirəm”.
Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında İmişli rayonunda baş verən qəzada həyatını itirən Yalavac kənd İdris Səfərov adına tam orta məktəbin şagirdləri Məhbubə Əlizadə və Ayan Məmmədovanın ibtidai sinif müəlliməsi Rəna Sadıqova deyib.
Sinif rəhbərinin sözlərinə görə, ilk dəfə xəbəri eşidəndə halı pisləşib:
“Ürəyim sıxıldı, özümdən getdim. Sonradan məni oyadıblar. Beşinci ildir, onlara dərs deyirdim, bu illər ərzində onları öz balam kimi bəsləmişəm. Çox gözəl, aktiv, oxuyan uşaqlar idi. Onlarla gözəl xatirələrim var. Hər ikisinin davamiyyəti və dərslərinə marağı çox yaxşı idi. Diqqətləri həmişə müəllimdə olub. Hər şeydə qayda-qanuna riayət edən uşaqlar idi.
Ayan beş gündür ki, dəfn olunub. Məhbubənin dəfnindən qayıdıram. Orada da halım pisləşdi”.
Xatırladaq ki, yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin qarşısına “Mercedes-Benz” markalı avtomobil çıxıb və DYP avtomobili məktəblilərə çırpılıb. Hadisə yerində iki məktəbli qız həlak olub. Qəzada xəsarət alaraq Bakıdakı xəstəxanaya yerləşdirilən Məhbubə Əlizadə isə bu gün orada vəfat edib.