Bununla belə Dövlət İmtahan Mərkəzinin də öz arqumentləri var. Kimlərsə hesab edir ki, məktəb hələ başa çatmayıb, lakin imtahan verilir, imtahan verilibsə, oxumağa nə ehtiyac var, şagirdlər arxayın olurlar. DİM dəfələrlə rəsmi şəkildə elan edib ki, tədris ili iyunda bitir, amma imtahan martda verilsə də, imtahan suallarına keçilməyən materiallar salınmır. Bu məsələnin birinci tərəfidir. İkincisi isə, mart ayında imtahan vermək attestat almaq demək deyil. Attestat onsuz da sonda verilir. Əvvəl 11 il oxuyurdun, sonda imtahan verirdin və 11 illik fəaliyyət nəzərə alınmırdı. Qəbul imtahanında nə cavab verdin, ona əsasən müvafiq qiymət alırdın. İndi vəziyyət dəyişib, həm məktəbin 11 illik fəaliyyəti, həm də qəbul imtahanının nəticələri əsas götürülür.”Ekspert onu da qeyd edib ki, hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir:
“Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik.
İstənilən halda qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Bu imtahanların birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsi məzunlarımızın fiziki və psixoloji yükünü, gərginliyini xeyli azaltmasına kömək olacaq”.