Mektebgushesi

Dərc olunub: 18.01.2025

Bəzi ölkələrdə tədrisin keyfiyyətini artırmaq üçün şagirdlərin məktəblərdə mobil cihazlardan istifadəsinə müəyyən  məhdudiyyətlər tətbiq olunur. Fransada yaşı 15-dən aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadə etmək qadağan edilib. Türkiyə də bu qadağanı tətbiq edən ölkələrin sırasındadır.

Artıq Azərbaycanda da tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin diqqətini birbaşa dərsə yönəltmək məqsədilə 300-dən çox məktəbdə ağıllı telefonlardan istifadəyə qadağa qoyulub.

Bu qaydanın ölkəmizin bütün ümumtəhsil müəssisələrində tətbiqinin vacibliyini vurğuluyan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə müsahibəsində ümumtəhsil müəssisələrində “Şagird davranış qaydaları”nın tətbiqini mühüm amil kimi dəyərləndirib:

“Bu qaydaları zaman keçdikcə təkmilləşdirmək olar, lakin qaydalar olmadan tələblər də gücsüz olur. “Şagird davranış qaydaları” valideynlərlə birgə razılaşdırılaraq təkmilləşdirilməli və tətbiq olunmalıdır. Valideynləri prosesin iştirakçısına çevirmək lazımdır. Tez-tez eşitdiyimiz tənqidi və yaradıcı düşüncə, kommunikativ, rəqəmsal bacarıqlara, milli dəyərlərə sadiq, vətənpərvər, dürüst və vicdanlı gəncliyin formalaşması məsələsi hər zaman bizi çox düşündürür. Ölkəmizin coğrafi və geosiyasi mövqeyi güclü, savadlı, məqsədyönlü gəncliyin tərbiyəsi məsələsini diqtə edir. Bu mənada xarakterin formalaşması anlayışı bütün deyilənləri ümumiləşdirir. Bu, həm də gəncləri yad təsirlərdən qoruyan vasitələrdən biri ola bilər”.

O bildirib ki, gənc nəslin tərbiyəsi, əsasən, erkən uşaqlıq dövründən başlayır və məktəbdə davam edir: “Çox təəssüf ki, bu gün sosial şəbəkə və ağıllı cihazların uşaqların tərbiyəsinə və emosional-psixoloji vəziyyətinə təsiri qaçılmazdır. Çünki bəzən yeni nəsli daha çox onlar idarə edir. Ağıllı cihazlardan məqsədyönlü istifadə olunmalıdır. Bu istiqamətdə valideynlər də daim maarifləndirilməli, uşaqlarının telefonlara lazımsız proqramlar yükləməsinə qadağalar qoymalıdırlar. Mobil cihazlar tədris resursu kimi istifadə olunmursa, ondan tədris prosesində istifadə diqqəti yayındırır. O, tədqiqat məqsədli araşdırma zamanı müəllim nəzarəti ilə istifadə oluna bilər. Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı heç zaman öz əhəmiyyətini itirməyəcək”.

M.Vəliyevanın sözlərinə görə, tez-tez cəmiyyətdə eşitdiyimiz fikirlər – gənclərin məqsədsiz addımlaması, məsuliyyətsizlik, etinasızlıq kimi amillərin köklü səbəbləri araşdırılmalı, onlardan xilas yolları sistemli tətbiq olunmalıdır:

“Bu baxımdan özünənəzarət, özünüidarə, özünüqiymətləndirmə keyfiyyətlərinin aşılanması çox mühüm tərbiyə vasitələri kimi tədqiqat obyekti ola bilər. Son dövrlər yeni çağırışlar olan “müstəqil öyrənmə”, “ömürboyu təhsil” anlayışları da bunun vacibliyini diqtə edir. Yeni təhsil sənədində dəyərlərin çox açıq bir formada qeyd olunması təlim və tərbiyə prosesində yeni perspektivlər yaradır. “Konstitusiya və Suverenlik ili” çərçivəsində milli kimliyin dərki və milli iftixar hissinin aşılanması üzrə yeni proqramlar hazırlamaq, habelə sosial məsuliyyət və insan haqlarını qoruma prinsipləri istiqamətində şagirdlər və tələbələr arasında şüur formalaşdırmaq da vacibdir. Bu, vətəndaşlıq məsuliyyətini dərindən hiss edən bir nəsil yetişdirməyə kömək edəcək”.