Dövlət Gömrük Komitəsinin Akademiyasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq Akademiyada elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlər haqqında məlumat verib. Q. Novruzov Zəfər qazanan dövlətimizin davamlı inkişafı üçün şəhidlərimizin ruhu qarşısında mənəvi borclarını dərk edən gənclərin yetişdirilməsinin vacibliyini vurğulayaraq Akademiyanın bu istiqamətdəki fəaliyyətindən də bəhs edib.
İctimai Şuranın üzvü, professor Hikmət Əlizadə ölkəmizdə ali təhsil müsəssisələrinin inkişafı istiqamətində atılan addımları yaxından izləmək məqsədilə keçirilən bu cür görüşlərin önəmindən söz açaraq DGKA-nın keyfiyyətli tədris mühitinin yaradılması istiqamətində mühüm yeniliklər tətbiq etdiyini bildirib və Akademiyanın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri haqqında təqdimat nümayiş olunub və Akademiyada tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi haqqında videoçarx təqdim edilib.
Daha sonra Akademiyada imtahanların keçirilməsi mexanizmi qonaqlara əyani şəkildə izah edilib.
Sonda iştirakçılar ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.