Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin (BİK) tələbələri iştirak ediblər.
Əvvəlcə ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.
İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın moderatorluğu ilə baş tutan tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda çıxış edib.
Rəşad Mustafa azadlıq mübarizəmizin ən bariz nümunəsi olan 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə yaşananlar barədə ətraflı danışıb. Dövrün tarixi həqiqətlərini – bu faciənin nə vaxt və haradan başlandığını göstərən hadisələrin xronoloji ardıcıllığını sadalayan R.Mustafa tarixi faktlara əsaslanan materiallarla çıxışını davam etdirib.
Məruzəçi daha sonra 20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider, dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin necə və hansı səbəblərdən baş verdiyi, həmçinin günahkarların araşdırılması ilə bağlı mühüm addımlar atıb.
R.Mustafa daha sonra 44 günlük Vətən müharibəsindən sonra suverenliyini tam bərpa etmiş ölkənin vətəndaşları kimi, qürur və minnətdarlıq hissi ilə şəhidlərimizin məzarını ziyarət etdiyimizi diqqətə çatdırıb.