Dərc olunub: 17.01.2025

 

 

Yanvarın 17-də AMEA Lənkəran Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar” mövzusunda Zoom platforması üzərindən elmi konfrans keçirilib.

Əvvəlcə Qanlı Yanvar hadisələri zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın moderatoru, Mərkəzin Elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov iştirakçıları Lənkəran REM-in direktoru Mehman Qaraxan oğlu Əliyevin adından salamladıqdan sonra konfransın işinə uğurlar arzulayıb və “Milli birliyə çağırış: Lənkəranda 20 Yanvar hadisələri” mövzusunda məruzəsini təqdim edib.

Sonra AMEA Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün “20 Yanvar qan yaddaşımızdır”, AMEA Mərkəzi elmi kitabxanasının direktor müavini, filologiya üzrə doktoru, dosent, Şəhla Quliyevanın “20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində rolu”, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılovun “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulovanın “Qəhrəman şəhərlərin bir gecədə yazılan qəhrəmanlıq dastanı”, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyevanın “20 Yanvar xalqımızın yaddaşında”, AMEA Şəki REM-in Tarix, arxeologiya və epiqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Azadlığa gedən yolumuz 20 Yanvardan keçir”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Arxeologiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımovanın “20 Yanvar –  müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi”, ADPU-nun Şamaxı filialının Xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanovun “İstiqlal mübarizəsinin əbədi məşəli”, AMEA Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi, AMEA Tarix və Etnologiya İnstitutunun dissertantı Elçin Vəliyevin “20 Yanvar faciəsi dünya ictimaiyyətinin gündəmində”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidlinin “20 Yanvar: Müstəqilliyə aparan yol”, Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbovun “Region yazarlarının yaradıcılığında 20 Yanvar hadisələrinin təsviri” və Lənkəran REM-in əməkdaşı İltifat Əhmədovun “Qanlı Yanvar: Müstəqilliyə gedən yolun ilk şəhidlərinin ailə üzvlərinə dövlət qayğısı (Lənkəran hadisələri kontekstində)” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun tapşırığı ilə sovet qoşun dəstələri Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam, terror və soyqırımı törətmişdir. Qanlı Şənbə hadisələri zamanı paytaxt Bakının küçələrinə axışmış əliyalın 131 nəfər günahsız adam öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada 2 nəfər və Lənkəranda isə 6 nəfər qətlə yetirilmişdir. Beləliklə, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir. Yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, mətbuat konfransında bəyanatla çıxış etmiş, bu vəhşi hərəkəti təkcə xalqımıza qarşı deyil, o cümlədən bəşəriyyətə qarşı amansız cinayət adlandırmışdır. Yalnız Ulu Öndərin ikinci dəfə  hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi qiymət verilmişdir. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə hər il Ümumxalq Hüzn Günü kimi ehtiramla qeyd edilir. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş azadlıq mücahidlərinin əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulur, onların ailə üzvləri daim diqqət mərkəzində saxlanılır, maddi-məişət şəraiti, iş və mənzil təminatı ildən-ilə yaxşılaşdırılır. Eyni zamanda, 20 Yanvar hadisələrində əlil olmuş soydaşlarımız hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Həmçinin region yazarlarının yaradıcılığında Qanlı Yanvar hadisələrinin təsviri mühüm yer tutur, şəhidlər haqqında şeirlər, poemalar, hekayələr, povestlər, publisistik məqalələr yazılır, digər nəsr əsərləri, bədii sənət nümunələri yaradılır.

Üç saata yaxın davam edən elmi konfransı yekunlaşdıran Samir Kərimov texniki dəstəyə görə AMEA Rəyasət Heyətinə, konfransın təşkilində fəallıq göstərən Lənkəran REM-in elmi katibi Cəmil Quliyevə və iştirakçıların hər birinə minnətdarlığını bildirib.