Dərc olunub: 17.01.2025

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor  professor Cəfər Cəfərovun “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi və Türk dünyasının tanınmış ziyalılarına verilən “Qızıl Ürək” ordeni ilə təltifetmə mərasimi keçirilib. Görüşdə Pedaqoji Universitetin rektoru, prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, ümumi işlər üzrə prorektor Tural Cəlilov, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Fondun və “Azərbaycan dünyası” jurnalının Türkiyə təmsilçisi, Əməkdar incəsənət xadimi, tanınmış rəssam professor Rafiq Əziz və fondun nümayəndələri iştirak ediblər.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, çıxış edən Eldar İsmayılov diqqətə çatdırıb ki,  Fondun təsis etdiyi “Qızıl Ürək” ordeni Türk dünyasında mədəniyyət, incəsənət, elm və digər sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilən nüfuzlu bir mükafatdır.

E.İsmayılov qeyd edib ki, Azərbaycanda elm və təhsilin hərtərəfli inkişafı sahəsindəki parlaq nailiyyətləri, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin keyfiyyətinin  müasir tələblərə uyğun şəkildə yüksəldilməsi, eləcə də milli adət və ənənələrimizə uyğun vətənpərvərruhlu gənc kadrların yetişdirilməsi sahəsindəki misilsiz xidmətlərinə, çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor Cəfər Cəfərov “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türkiyə təmsilçiliyinin təqdimatına əsasən, Fondun Ağsaqqallar Şurası və jurnalın İdarə Heyətinin 14 noyabr 2024-cü il tarixli qərarı ilə bu ordenə layiq görülüb.

E.İsmayılov “Qızıl Ürək” ordenini prof. C.Cəfərova təqdim edib.

Prof. Cəfər Cəfərov göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və  türk dünyasında mədəni əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi baxımından Fondun fəaliyyətinin olduqca diqqətəlayiq olduğunu vurğulayıb. ADPU və “Dədə Qorqud” Milli Fondu arasında mümkün elmi-mədəni əməkdaşlıq imkanlarından söhbət açılıb.

Sonda qonaqlar Pedaqoji Universitetin yenilənmiş infrastruktu ilə yaxından tanış olub, ADPU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türkoloji Mərkəz və Türksoy kafedrasını ziyarət ediblər.