Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatının (ADPU TGT) dəstəyi ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdən əvvəl ADPU rəhbərliyi tərəfindən Ümumilli Lider Heydər Əliyevin universitetdəki abidəsi və “Zəfər guşəsi”nin önünə gül dəstələri qoyulub, Ulu Öndər və vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu dərin ehtiramla yad edilib.
ADPU-nun Heydər Əliyev Məktəbinin Lektoriyasında keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı sovet imperiyasının amansız zülmünə qarşı öz əzmini, milli iradəsini və müstəqillik arzularını bütün dünyaya nümayiş etdirdi, lakin bu mübarizənin bədəlini xalqımız qanı və canı bahasına ödəməli oldu. Həmin gecə sovet ordusu misli görünməmiş qəddarlıqla Bakı və digər bölgələrdə dinc əhalini gülləbaran etdi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.
İnsanlığa, ədalətə və azadlıq ideallarına qarşı törədilmiş ağır bir cinayət olan bu faciənin xalqımızın mübarizə əzmini qıra bilmədiyini vurğulayan rektor, 20 Yanvar gecəsinin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu qeyd edib.
- Cəfərov vurğulayıb ki, 20 Yanvar faciəsinin ilk günlərində Ümummilli Lider Heydər Əliyevin göstərdiyi qətiyyət və cəsarət – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı cinayəti açıq şəkildə pisləməsi, sovet rəhbərliyinin hərəkətlərini insan hüquqlarına və beynəlxalq hüquqa zidd adlandırması xalqımız üçün ümid çırağı olmuşdur. Diqqətə çatdırılıb ki, Ümumilli Liderin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün həmin yol Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Azərbaycan artıq yalnız regionda deyil, dünyada nüfuz sahibi olan güclü və müstəqil bir dövlətdir.
20 Yanvar faciəsini özündə əks etdirən videoçarx nümayiş etdirilməsindən sonra universitetin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi Raminə Hüseynli 20 Yanvar hadisələrinin tarixi aspektləri, faciənin törədilmə səbəbləri və nəticələri, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev isə 20 Yanvar hadisələrindən sonrakı proseslər, güclü Azərbaycanın formalaşmasında bu hadisənin rolu barədə məruzə ediblər.