Bakı Mühəndislik Universitetində (BMU) “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin iştirakı ilə builki yarışlarla bağlı tələbələr üçün məlumat sessiyası təşkil olunub.
Sessiyada universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov gənclərin gələcəyi üçün texnoloji festivalların əhəmiyyətinə toxunub, həmçinin BMU tələbələrinin dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST”dəki uğurlarını xatırladıb. Prorektor məlumat sessiyasının texnoloji sahədə fikir və ideyalarını reallaşdırmaq istəyənlər üçün faydalı olacağını vurğulayaraq, qarşıdakı yarışlara hazırlaşan BMU tələbələrinin qələbəsinə inandığını deyib.
Sonra Ahmet Köse “TEKNOFEST”in tarixindən, 2018-2024-cü illər arasında yarışmaya artan maraqdan danışaraq, festivalda iştirak edən müxtəlif ölkələrin və komandaların sayındakı dinamikanı diqqətə çatdırıb. Azərbaycanın bu festivalda qalib gələn komandaların sayına görə öncül yerlərdə dayandığını deyən Ahmet Köse hər bir layihəyə açıq olan “TEKNOFEST”in kateqoriyaları, yarışmanın gənclərin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Həmçinin may ayında Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək “TEKNOFEST-2025”, onun sonrakı mərhələləri, yarışmaya müraciət qaydaları haqqında ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.