AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda paleogenetik tədqiqat layihəsinin ilkin mərhələsinin yekunlarına həsr edilmiş hesabat təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun direktoru Fərhad Quliyev bildirib ki, gerçəkləşməsi vacib olan tədqiqat sahələrindən biri Azərbaycan ərazisində yaşamış qədim insan populyasiyalarının genetik xüsusiyyətlərinin araşdırılmasıdır. Bu sahə üzrə indiyədək mütəxəssislərin olmaması, laborator analizlərin aparılması prosesindən institutun və bütünlükdə Azərbaycan elminin kənarda qalması müxtəlif problemlər doğurmaqda idi. Fərhad Quliyev bununla əlaqədar ilkin mərhələdə respublikanın müxtəlif ərazilərində aşkar edilmiş və müxtəlif tarixi dövrlərə aid insan qalıqlarından seçmələrin genetik analizlərə cəlb edildiyini deyib. Onun sözlərinə görə, institut Azərbaycan Elm Fondunun ayırdığı qrant əsasında, Türkiyənin Hacettepe Universitetinin Antropoloji bölümünün dəstəyi ilə xüsusi elmi-tədqiqat layihəsinə başlayıb. Layihəyə əsasən arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqlarının bioarxeoloji tədqiqi və Arxeologiya və Antropologiya İnstitutu ilə BDU-nun bazalarında müştərək Bioloji antropologiya laboratoriyasının təşkili nəzərdə tutulub. İnstitut direktoru bu günlərdə Hacettepe Universitetində keçirilmiş müzakirələrdə artıq nəzərdə tutulan istiqamətlər üzrə ilk uğurlu nəticələr əldə edildiyini vurğulayıb.
Qeyd edək ki, Arxeologiya və Antropologiya İnstitutu ilə Azərbaycan Elm Fondunun rəhbərliyi arasında görüş keçirilərək layihənin gerçəkləşməsi və gedişatı ilə əlaqədar məsələlər müzakirə olunub.
Daha sonra Hacettepe Universitetinin Antropoloji bölümünün rəhbəri professor Yılmaz Selim Erdal “Anadolu-Qafqaz əlaqələri: Paleogenetik bir çalışma” adlı təqdimatla çıxış edib. Təqdimatda Cənubi Qafqazda Neolit dövründən orta əsrlərə qədər insan genetikasının dinamik mənzərəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatlardan alınmış nümunələrin analizi genetik axınların vektorunun müxtəlifliyini, yazılı mənbələrdə və arxeoloji qazıntılarda az əks olunan və hətta indiyədək qeyd edilməyən ekoloji və sosial prosesləri göstərir. Professor Yılmaz Selim Erdal bildirib ki, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq Azərbaycanı arxeoloji və paleogenetik tədqiqatlar üzrə bölgənin aparıcı mərkəzinə çevirə bilər.