Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyalar üzrə növbəti peşə tanınması imtahanı keçiriləcək.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplaması) tələb olunur.
Peşə tanınması üzrə növbəti imtahanın 30 yanvar 2025-ci il tarixində saat 11:00-da DİM-in elektron imtahanlar korpusunda rəqəmsal formatda keçirilməsi nəzərdə tutulur.
Müraciətçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Bildiririk ki, imtahanda iştirak öncədən təsdiq olunmuş siyahı əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, bildiriş almış və imtahanda iştirak edə bilməyəcək müraciətçilərdən 20 yanvar 2025-ci il saat 17:00-dək məlumat vermələri xahiş olunur (əlaqə üçün: info@tkta.edu.az) Yalnız iştirak təsdiq edildikdən sonra siyahı DİM-ə ötürüləcəkdir (imtahanda iştirak edəcək şəxslərin iştiraklarını təsdiqləməyə ehtiyac yoxdur). Hər bir şəxsin imtahanda iştirakı üçün müvafiq olaraq ödəniş həyata keçirildiyinə görə, imtahanda iştirak edəcək şəxslərdən məsələyə məsuliyyətli yanaşmaları xahiş olunur.
İmtahanın keçiriləcəyi ünvan: Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsi (Türk Dövlətləri Parlament Assambleyası binasının yanı).
İmtahanla bağlı ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.