2025-ci ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Düzcə Universiteti ilə onlayn görüş təşkil olunub. Görüşdə Düzcə Universitetinin Mexatronika Bölümünün başqanı Mert Yıldırım və fakültə dekanı Rəsul Kate, MDU-nun Mühəndislik Fakultəsinin dekanı və kafedra müdirləri bir araya gəliblər. Görüşün təşkilatçısı isə MDU-nun Davamlı İnkişaf Şöbəsinin müdiri Asim Məmmədov olub.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub. İki universitet arasında elmi və tədris sahəsində əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürülüb. Müzakirə olunan mövzular arasında MDU-nun yeni korpusunun istifadəyə verildikdən sonra Düzcə Universitetindən qonaq professorların dəvət edilməsi, həmçinin Elektrik və Elektronika, Kompüter Mühəndisliyi ixtisasları üzrə fənn müəllimləri arasında dostluq əlaqələrinin qurulması və birgə elmi məqalələrin yazılması məsələləri yer alıb.
Bundan əlavə, Sənaye Mühəndisliyi ixtisası üzrə tədris metodları və laboratoriya imkanlarının müzakirəsi də görüşün mühüm mövzularından biri olub.
Bu görüş, iki universitet arasında elmi, akademik və tədris sahəsində daha dərin əməkdaşlıq əlaqələrinin qurulmasına istiqamətlənmiş vacib bir addım olmuşdur. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin artırılması planlaşdırılır.