Hazırda SABAH qrupları 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı əhatə edir.
2024-2025-ci tədris ili üzrə SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 4 yeni ixtisas, magistratura səviyyəsində isə 5 yeni ixtisaslaşma üzrə tələbə qəbulu elan edilib.
Ümumilikdə bu tədris ilində SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə isə 512 tələbə qəbul olub. Hazırda SABAH qruplarında 4225 tələbə təhsil alır.
2024-2025-ci tədris ili üzrə 3 yeni ali təhsil müəssisəsində (Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Sumqayıt Dövlət Universiteti) SABAH qrupları layihəsi çərçivəsində tələbə qəbulu aparılıb.
SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 11 067 nəfər təşkil edir.
Qeyd edək ki, SABAH qrupları layihəsi 2014-2015-ci tədris ilində yaradılıb. Layihənin məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.
SABAH qruplarına Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. SABAH qrupları layihəsi çərçivəsində aşağıdakı inkişafetdirici layihə və tədbirlər həyata keçirilib:
SABAH Karyera İnkişafı Sərgisi;
SABAH İnnovasiya Forumu;
Xaricdə Təhsil Sərgisi;
SABAH Karyera Akademiyası;
SABAH Karyera Qış Məktəbi;
SABAH Bilik Yarışması;
SABAH İncəsənət Festivalı;
“Your English Voice” müsabiqəsi;
SABAH Tələbə Debat Forumu;
SABAH Vergi Bilik Yarışması;
London Yay Məktəbi;
“Sarbon-Abu-Dabi” təcrübə mübadiləsi tədbirləri;
“SABAH-ın müəllimi” təcrübə proqramı.