Dərc olunub: 14.01.2025

“Sara Logistics” MMC-nin rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev universitet-sənaye əməkdaşlığının önəmindən danışıb, səmərəli əlaqələrin təhsil və tədqiqatların daha tətbiqyönlü olmasına, elmi-texniki biliklərin sürətlə sənaye sahələrinə inteqrasiyasına imkan yaratmasına diqqət çəkib. Nəticə etibarilə, bu əməkdaşlığın tələbələrin işlə təminatında da mühüm bir vasitə olduğunu, habelə onların praktik təcrübə və karyera qurmaq üçün vacib bacarıqları qazanmasına müsbət təsir göstərdiyini fikirlərinə əlavə edib. Rektor sürətlə genişlənən beynəlxalq ticarət, texnoloji inkişaf və iqtisadiyyatın qloballaşması, xüsusilə Azərbaycanın coğrafi mövqeyi baxımından logistika ixtisaslarının getdikcə artan əhəmiyyətindən, BMU-da bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasından da bəhs edib. Bununla yanaşı, universitetin mövcud maddi-texniki bazası, müasir laboratoriya və Texnoparkının imkanlarını vurğulayan rektor qurulan əlaqələrin faydalı ola biləcək əsas istiqamətlərini nəzərə çatdırıb.

“Sara Logistics” MMC-nin direktoru, İdarə Heyətinin sədri Ülvi Ocaqlı ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan və yüksəkixtisaslı kadrlar hazırlayan BMU ilə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Eyni zamanda, bütün nəqliyyat vasitələri üzrə yük daşımalar üçün keyfiyyətli xidməti təmin etmək məqsədilə yaradılan MMC-nin fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin partnyor şirkətlər haqqında geniş məlumat verib. Qeyd edib ki, MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin fraxt operatoru olaraq fəaliyyət göstərir, etibarlı nəqliyyat, saxlama və yük daşımaları xidmətlərini həyata keçirir. Xaricdə də filialları olan şirkət beynəlxalq nəqliyyat sahəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi özünü müvəffəqiyyətlə sübut edə bilib.

Görüşdə BMU ilə “Sara Logistics” MMC arasında imzalanacaq əməkdaşlıq müqaviləsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, habelə universitet tələbələrinin MMC-də təcrübədə olması, onlarla ayrıca görüşlərin təşkili və s. məsələlər nəzərdən keçirilib.