Dərc olunub: 13.01.2025

Avropanın ən böyük Açıq Elm və Açıq Əlyetərlilik təşəbbüslərini dəstəkləyən təşkilatlarından biri olan “OpenAİRE”nin saytında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı məqalə yayımlanıb.

“Azərbaycan Texniki Universitetinin rektoru Universitetdə İlk Açıq Elm Mərkəzinin yaradıldığını elan edib” başlıqlı məqalədə deyilir:

“Dekabr ayında Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev universitetin Açıq Elm mərkəzinin yaradılmasını elan etdi. Onu da qeyd edək ki, elm və innovasiyalar üzrə prorektor professor Sübhan Namazovun AzTU Kitabxana İnformasiya Mərkəzinə bu sahədə göstərdiyi dəstək danılmazdır. Açıq Elm Ofisi universitetin Kitabxana İnformasiya Mərkəzinin nəzdində rektorluğun nəzarəti altında fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın ali təhsil müəssisələri arasında ilk təşəbbüsdür və rektorun sözlərinə görə, gələcəkdə ölkə səviyyəsində Açıq Elm fəaliyyətinin inkişafında böyük rol oynayacaq.

Mərkəz Açıq Elm və Açıq Əlyetərlilik təşəbbüslərinə dəstək fəaliyyətlərini həyata keçirməklə bu istiqamətdə Azərbaycan Milli Nümayəndəliyinin (NOAD) fəaliyyətini tamamlayacaq. Ofisin fəaliyyəti “OpenAIRE” siyasət və prosedurlarına əsaslanacaq, 2025-ci ildən başlayaraq ölkə üzrə fəaliyyətlərə yönələcək.

Ofisin əsas məqsədi “OpenAİRE” milli nümayəndəliyinin 2025-ci il üçün fəaliyyət planına uyğun olaraq AzTU-nun akademik heyəti, eləcə də Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri ilə birlikdə işləməkdir. Ofis “OpenAIRE” siyasət təlimatlarına əsaslanaraq Açıq Elm, Açıq Əlyetrəlik, Rəqəmsal Repozitoriyalar və s. üzrə siyasətlərin hazırlanmasına dəstək verən, eyni zamanda ictimaiyyəti maarifləndirən və məlumatlandıran OA/OS mərkəzi olaraq xidmət göstərəcək.

Açıq Elm Mərkəzinin fəaliyyətinə daxildir:

Açıq Əlyetərlilik, Açıq Elm təşəbbüsləri, Rəqəmsal Repozitariyalar və digər əlaqəli mövzular üzrə məsləhətlərin verilməsi;

Müvafiq sahələr üzrə onlayn və yerində təlimlərin, vebinarların və seminarların təşkili;

Açıq Elm Ofisi üçün AzTU Kitabxana İnformasiya Mərkəzinin saytında ayrıca bölmənin yaradılması və mütəmadi olaraq yenilənməsi;

Araşdırma Məlumatlarının İdarə Edilməsi fəaliyyətləri üzrə təcrübə mübadiləsi və bu istiqamətdə təlimlərin təşkili və s.;

Açıq kodlu alətlər, Açıq Əlyetərli Repoziotariyalar, Açıq Əlyetərli verilənlər bazaları və digər müvafiq resurslar haqqında məlumatlılığın artırılması.

Azərbaycan nümayəndələri Ofisin birinci ili ərzində əsasən Açıq Əlyetərlilik fəaliyyətlərini də özündə birləşdirən Açıq Elm təşəbbüsləri üzrə akademik müəssisələrdə bu təşəbbüslərin daha çox yayılmasına, məlumatlılığın artırılmasına yönəlik fəaliyyət göstərəcək və Açıq Əlyetərlik təşəbbüslərini dəstəkləyən resurslardan istifadə ilə bağlı vebinar və təlimlər təşkil ediləcək. Açıq Elm Ofisinin yaradılmasının ən böyük hədəflərindən biri Azərbaycanda akademik kontenti və elmi nəticələri hər kəs üçün əlçatan etmək təşəbbüslərini dəstəkləməkdir ki, bu da Açıq Elmin əsas prinsipi kimi ümumilikdə elmin və yeni elmi nailiyyətlərin inkişafına təkan verir.”

Qeyd edək ki, AzTU Azərbaycan Universitetləri arasında “OpenAIRE” təşkilatına üzv olan yeganə universitetdir. AzTU Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları ölkə üzrə Açıq Elm təmsilçiliyi vəzifəsini icra edir.