Dərc olunub: 12.01.2025

İmtahan – insanın psixoloji davamlılığının, psixoloji hazırlıq və bacarığının biliklər vasitəsilə yoxlanılması prosesidir. Yəni, insanda özünüqiymətləndirmənin səviyyəsi, özünəinamın gücü, özünütanımanın mahiyyəti müəyyən mənada imtahan şəraitində aşkar oluna bilər. Bu səbəbdən, imtahanın insanda yaratdığı xüsusi kəşfetmə aurası, stress kimi özünü büruzə verir.

Özünüqiymətləndirmə, özünəinam, özünütanıma kimi meyarlar həm psixoloji, həm də fizioloji cəhətdən xarakterizə oluna bilər. Məhz, uyğun olaraq, imtahan stressi də iki istiqamətdə təhlil oluna bilər. Bu istiqamətlərin təhlili zamanı psixoloji parametrlərin fizioloji əlamətlər yaratdığı ortaya çıxır. Fizioloji təsirlərin psixoloji faktlardan qaynaqlandığını nəzərə alaraq, imtahan stresinin daxili psixoloji situasiya olduğunu qeyd etmək mümkündür.

İmtahanın stresinin mənbəyi zamandır:

İmtahan stresi ilk növbədə zamanla bağlı yaranır. Belə ki, imtahan vaxtının əvvəlcədən, müəyyən tarixdə olmasının bilinməsi, bəzən müsbət, bəzən də mənfi təsir aşılamağa başlayır. Bəziləri üçün nəticədən asılı olmayaraq, imtahanın tez gəlib-keçməsi əsas qayə hesab olunur. Bəziləri üçün isə, imtahan yaxınlaşdıqca, imtahan xofu onları narahat etməyə başlayır. Nəticədə, hər kəs üçün ortaq nöqtə stressdir.

Zamana bağlı yaranan stresdə orqanizmdə uzunmüddətli mənəvi əziyyətin hökm sürməsi ilə bədənin işləmə mexanizmi pozulur. Bu zaman, bədəndə nizamlamanın təmin edilməsi məqsədilə, qlükokortikoid hormonu ifraz olunmağa başlayır. Qlükokortikoid hormonunun ifrazı bədənin tənzimlənməsini təmin edir, lakin, stresin davamlı olması, həmin hormonun ifrazı prosesinin də pozulmasına gətirib çıxarır. Beləliklə, qlükokortikoid hormonunun ifrazında miqdarın düzgün yerinə yetirilməməsi, beyin hüceyrələrinin fəaliyyətinə birbaşa təsir göstərir. Yəni, beynin enerji gücünün zəifləməsinə gətirib çıxarır. Ona görə, stressin uzunmüddətli davam etməsi, beyin fəaliyyətinin ləngiməsinə səbəb olur.

Həll yolları:

Zamana bağlı stressin aradan qaldırılması üçün ilk olaraq, “imtahanı gözləmək” düşüncəsindən azad olmaq lazımdır. Gözləmək anlayışı elə tək başına xüsusi işgəncə metodu sayıla bilər. Digər tərəfdən, imtahan tarixini tez-tez xatırlamaqdan qaçmaq lazımdır. Beynin sərhədsiz, limitsiz özəlliyə malik olduğunu mənimsəyib, “ən yaxşısına” nail olmaq, düşüncəsinə yiyələnmək lazımdır. Əsas diqqət yetirilməsi gərəkən nüanslardan biri də, insanın özünəməxsus, fərdi keyfiyyətlərinə uyğun “rejim”, “sistem” müəyyənləşdirməsidir.

Zamanın aldıqlarını düşünmək yerinə, hər daim zamandan ala biləcəklərinizi düşünün…

Ayxan Hüseynli

Psixoloq