Dərc olunub: 10.01.2025

Ötən il 1166 nəfər Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində işə təyin edilib.

Bu barədə  Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, bir il ərzində Lənkəran-Astara Regional Məşğulluq filialının xidmət şöbələri tərəfindən verilmiş göndərişlər əsasında texniki vəzifələr üzrə 1166 nəfər Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində işə təyin edilib.

Onlardan 25 nəfərini şəhid ailəsi üzvləri, 44 nəfərini müharibə veteranları, 7 nəfərini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 140 nəfərini əlilliyi olan şəxslər, 3 nəfərini sağlamlıq imkanları məhdud övladını tərbiyə edən valideynlər, 34 nəfərini pensiya yaşına 2 ildən az müddət qalmış şəxslər, 4 nəfərini 20 yaşadək gənclər, 1 nəfərini məcburi köçkün statusu olan şəxs təşkil edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi bu göstəricilərə əsasən Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən “Ən çox vətəndaşı işlə təmin edən tərəfdaş” nominasiyası üzrə təltif olunub.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə Lənkəran-Astara Regional Məşğulluq filialı arasında əməkdaşlığın məqsədi texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə işçilərin seçilməsi, onların rəsmiləşdirilməsi, eyni zamanda proses zamanı tərəflərin məsuliyyət və öhdəliklərinin müəyyən edilməsi məsələlərini asanlaşdırmaqdan ibarətdir.