DİM yenə də hüquq və qaydalara məhəl qoymadan buraxılış imtahanlarının tarixlərini elan edib. Martın 2-də 11-ci siniflər üçün I zona üzrə, 9 martda isə II zona üzrə buraxılış imtahanları keçiriləcək.
9-cu siniflər üçün isə I, II və III zonalar üzrə müvafiq olaraq 13, 20 və 27 aprel tarixlərində imtahanlar baş tutacaq.
Bu imtahanlardan sonra məktəblərdə tədrisin davamiyyəti azalacaq və yenidən şagirdlərə məktəbə gəlmək üçün sinif rəhbərləri valideyinlərə yalvarmalı olacaq. Buraxılış imtahanını vermiş şagirdin məktəbdə daha nə işi qalıb ki? Tədris də buraxılış sinifləri üçün faktiki olaraq 14-15 həftə əvvəl bitmiş olacaq.
Bir də deyirik ki, şagird repetitor yanına getməsin, amma bunun üçün şəraiti özümüz yaradırıq. Tədris proqramı ilə imtahan tarixləri arasında yaranan uyğunsuzluq, dərs ilinin erkən qapanması və imtahanlara hazırlıq dövründə məktəbdə tədrisin zəifləməsi şagirdləri məcbur edir ki, əlavə dərs üçün repetitor yanına getsinlər.
Əgər şagirdlərin məktəb tədrisi ilə kifayətlənməsini istəyiriksə, tədris planını və imtahan sistemini bir-birinə uyğunlaşdırmalıyıq. Əks halda, həm valideynlər, həm də şagirdlər təhsil sisteminə inamlarını itirirlər.