Dərc olunub: 10.01.2025

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edir.

AGMA-dan Mektebgushesi.az  -a  bildirilib ki, “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan və müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər və təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.

Yanvarın 17-dək keçid vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nin ikinci yarımilinə qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və 30-dan çox digər ölkədə yaşayan həmvətənlərimiz qoşulub.

Ümumilikdə 1000-dən çox həmyerlimiz bu layihədən yararlanıb. Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarı olanlar üçün əlavə qruplar təşkil edilib. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur.

İkinci yarımil üzrə dərslərin yanvarın 25-də başlaması nəzərdə tutulub.

“Ana dili – Azərbaycan məktəbi” ilə bağlı əlavə suallar olduğu təqdirdə anadili.agma.az@gmail.com elektron poçt ünvanı və ya +994 51 226 71 21 mobil nömrəsi (vatsap, teleqram) vasitəsilə əlaqə yaratmaq mümkündür.

Daha ətraflı məlumatı AGMA-nın saytından və layihənin sosial media səhifələrindən əldə edə bilərsiniz.