Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda “Çin muzeyləri” qış onlayn lektoriyası çərçivəsində “Pekin Polis Muzeyi” adlı mühazirə dinlənilib.
İnstitutdan bildirilib ki, mühazirə hər il yanvarın 10-da qeyd olunan və ölkənin 110 təcili yardım nömrəsinə uyğun gələn Çin Xalq Polisi Gününə həsr edilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, bayram Çin polisinin ictimai sabitliyin, sosial inkişafın və insanların həyatının qorunması istiqamətində göstərdiyi qəhrəmanlıqların təqdiri kimi qəbul olunub. R.Abbasov ilk Çin sülalələrinin xarici təsirlər altında olduğu və XX əsrin birinci yarısında baş verən inqilabi hadisələr dövründə Çin polisinin yaranması və inkişafı, eləcə də 1949-cu ildə Çin Xalq Respublikasının elan edilməsindən sonra ölkədə yeni polis sisteminin formalaşmasında Mao Tszedunun rolundan danışıb.
Çinin dünyanın 10 ən təhlükəsiz ölkəsi sırasında yer aldığını bildirən R.Abbasov, həmçinin ölkədə bazar iqtisadiyyatına xas olan mülkiyyət cinayətlərinin, eləcə də sərhədyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsi, terrorizmlə mübarizə və mütəşəkkil cinayətlərin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, habelə sənaye müəssisələrinin və kommunikasia vasitələrinin mühafizəsi istiqamətində polisin gördüyü işlərdən danışıb.
Mühazirə çərçivəsində 7000-dən çox eksponatın olduğu Pekin Polis Muzeyinin zallarına virtual ekskursiya təşkil olunub. Dinləyicilər Pekin polisinin qədim dövrlərdən bu günə qədər inkişaf tarixindən, Çin kriminalistikasının tarixindən bəhs edən sərgilərlə tanış olublar.