Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Şeir qiraəti” yarışması keçirilib.
Yarışmanın münsiflər heyətində İnstitutun tədris işləri üzrə prorektoru, dosent Mübariz Camalov, elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov və İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev təmsil olunublar.
Aİİ-nin prorektoru, dosent Mübariz Camalov tədbir iştirakçılarını salamlayıb, tələbələrin dini və dünyəvi biliklərə yiyələnmələri istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb.
Prorektor bildirib ki, bu tip yarışmalar gənclərin ümumi savad və dünyagörüşlərini artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Tələbələrin milli-mənəvi ruhda inkişaf etməsi, dünyagörüşlərinin formalaşması, həmçinin vətənpərvərlik ruhuna daha dərindən yiyələnmələri üçün əvvəlcədən təqdim olunmuş mövzulara uyğun gələn şeirlər səsləndirilib.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “Şeir qiraəti” yarışmasında birinci yerə – “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Emil Qasımov; ikinci yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Əkbər Hüseyn; üçüncü yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Məhsumə Şahverdiyeva layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.