Mektebgushesi

Dərc olunub: 08.01.2025

Şabran şəhərində 11-ci sinif şagirdinin xəsarət alması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.