Yanvarın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq müəllim və pedaqoji heyətin iştirakı ilə maarifləndirici seminar keçirilib.
Universitetdən bildirilib ki, “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda keçirilən seminarda İctimaiyyətlə Əlaqlər və Marketinq Departamentinin əməkdaşı Günel Tağıyeva tədbir haqqında iştirakçılara məlumat verib. O, yeniyetmə və gənclərin sağlamlığının hər zaman diqqət mərkəzində olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra ADNSU-nun psixoloqu Ləman Novruzlu mövzu ilə bağlı təqdimatla çıxış edib. L.Novruzlu krizis zamanı duyğu və düşüncələrimiz necə dəyişir? Yeniyetmələrdə intihar hallarının psixoloji səbəbləri, həmçinin məişət zorakılığı və onun xüsusiyyətləri haqqında iştirakçılara məlumat verib. O, həmçinin yarana biləcək bu tip neqativ hallarda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin mühüm rol oynadığını qeyd edərək asudə vaxtın təşkili üçün istifadə olunan üsullardan danışıb.
İnteraktiv formatda keçirilən seminarda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.