Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi 2024-cü ildə aktiv fəaliyyəti ilə yadda qalıb.
Ümumilikdə 713.674 nüsxədən ibarət fondla Azərbaycanın ən böyük ikinci universitet kitabxanası olan ADPU-nun Kitabxana-İnformasiya Mərkəzin kitab fonduna 638.109 nüsxə kitab daxildir. Bu kitablardan 323.487 nüsxəsi Azərbaycan dilində, 300.118 nüsxəsi rus, 14.434 nüsxəsi isə digər dillərdədir. Mərkəzin e-kalaloqunda isə 70.058 nüsxə A.zərbaycan dilində, 1918 nüsxə rus, 14.438 nüsxə isə digər dillərdə olmaqla, ümumilikdə 14.500 adda 86.414 nüsxə yer alıb.
2024-cü il ərzində Kitabxana-İnformasiya Mərkəzinin xidmət göstərdiyi oxucu sayı 9.646 nəfər, e-kitabxana istifadəçilərinin sayı isə 33.663 nəfər olub. İl ərzində mərkəzə oxucu daxil olması 7.382 nəfər, kitab verilişi cəmi 29.646 nüsxə, abonement sayı 22.146 nüsxə, elektron göndəriş sayı 101 ədəd təşkil edib.
Qeyd edilən dövr ərzində mərkəzə müxtəlif dillərdə 2.159 kitab, 1.492 nüsxə dərslik və dərs vəsaiti, 486 nüsxə elmi ədəbiyyat, 81 bədii, 100 ictimai-siyasi ədəbiyyat, 26 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 306 magistr dissertasiyası, 101 avtoreferat, 552 proqram, 73 dövri-elmi nəşr daxil olub.
Bunlarla yanaşı, 2024-cü ildə də Kitabxana-İnformasiya Mərkəzi ənənəsinə sadiq qalaraq, müntəzəm olaraq mədəni-kütləvi tədbirlər icra edib, mərkəzin əməkdaşları ölkəmiqyaslı layihə və görüşlərdə universiteti təmsil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – 101” adlı sərgi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Kitabxana işi ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin diplomqabağı təcrübəsinin başa çatmasına həsr olunmuş tədbir, M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş kitab sərgisi, 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbir, dövri-elmi nəşrlərin sərgisi kimi tədbirlər uğurla icra edilib. Ümumilikdə, il ərzində mərkəzdə əlamətdar və tarixi günlərə həsr edilmiş 15 sərgi təşkil edilib, o cümlədən X Bakı Beynəlxalq Kitab Sərgisində universitet uğurla təmsil olunub.