Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərdən müraciətini təsdiq edən 2650 nəfərdən 2259 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2086 namizəddən 1709 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 185 nəfər qeyri-məqbulla qiymətləndirilib, 192 nəfər isə bu mərhələdə iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1597 namizəddən 1228 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 347 nəfər qeyri-məqbulla qiymətləndirilib, 22 nəfər isə bu mərhələdə iştirak etməyib. Təlimlər mərhələsi üçün qeydiyyatdan keçən 1208 namizəddən 1204 nəfər bu mərhələdə iştirak edib.
Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Mərkəzdən bildirilib ki, təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur. Təlimlər mərhələsində iştirak edən 1204 namizəddən indiyə qədər 1079 nəfər imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanı üçün vaxt seçimi edib.
Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellektual səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60 %-i toplanır. Yekunda 60% və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:
– 90% və ondan yüksək nəticə göstərdikdə – A kateqoriyası;
– 60%-90% intervalında nəticə göstərdikdə – B kateqoriyası;
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.