“Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Ədibin Evi” tərəfindən təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsi qaliblərinin yazılarının “Azərbaycan müəllimi” qəzetinin səhifələrində yayımlanmasına başlanılıb.
I yerin qalibi Beyləqan rayonu, Dünyamalılar kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Tahirə Xudaverdiyevanın “Ödənilməz borc” başlıqlı essesini təqdim edirik:
Qocalmış, illər boyu Allahın küləyinə, yağışına, qızmar günəşinə sinə gərməkdən yorulmuş ağacların arasında gizlənmiş birmərtəbəli evin qapısı cırıltı ilə açıldı. “Qapının cırıltısı yaman artıb, gərək bir az neft tapıb sürtəm”- deyə qadın fikirləşdi. Bir dəqiqə keçməmiş bu fikir də ona mənasız gəldi. Qəmli-qəmli danladı özünü: “Eh, qapını səndən başqa kim açır ki! Sənin də vaxtına bir şey qalmayıb…”. Ətrafına baxdı: “Amma bu gün nə gözəl gün çıxıb. Elə bil yazın qırx beşidi…”
Qadın əlindəki əsanı yerə dayaya-dayaya, ehtiyatla yeriyib az qala həyətin yarısını tutan iri tut ağacının altındakı taxta oturacağa çatdı. Oturdu. Evin qapısı ilə yerə bərkidilmiş bu taxta oturacağın arasındakı məsafə yordu onu. Dərindən nəfəs aldı. Həyəti ilk dəfə görürmüş kimi diqqətlə gözdən keçirdi. Hər tərəfi, hətta darvaza tərəfə gedən cığırı da basmış otların üstündəki payız şehi par-par parıldayırdı. Elə bil, bütün həyətə, ağaclara, güllərə minlərlə parıltılı muncuqlar düzülmüşdü. Günəşin istisindən dirilmiş payız gülləri bu gün daha gözəl göründü ona. Müşfiqi xatırladı:
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?!
Tez də özünü qınadı Saniyə müəllim. “Eh, mən nə danışıram?! Mənim körpə şagirdlərim “uff” demədən ölümə atıldılar. Şəhid oldular. Eləsi on doqquz yaşında, eləsi iyirmi yaşında… İndi mən, yetmişi haqlayan qoca utanmadan ölümdən qorxuram. Bəs o cavanlar nə gördü? Nə yaşadılar?! Can mənim igid balalarım, nakam balalarım… İllərlə Xocalı qırğınının, Şuşanın işğalının, Yanvar faciəsinin ildönümünü yana-yanaqeyd etdik.Tədbirlərdə ağlaya-ağlaya şeirlər dedik. Zəhmətimi itirmədiniz. Vətən torpaqlarını qurtardınız yağı düşməndən… Məktəbi bitirəndə siz mənə deyirdiniz: “Saniyə müəllim, haqqınızı halal edin. İndi mən sizə deyirəm: haqqınızı halal edin bizə. Mənim şəhid balalarım. Mənim Raminim, Məhəbbətim, Gərayım, Səxavətim, Xəyalım, İlqarım, Ramilim…”.
Əslində Saniyə müəllim yaşına görə çox cavan görünürdü. Geyinib-keçinib, əlinə jurnalı alıb siniflərə gedəndə ona qırx yaş güclə verərdin. Xəstəliyi-zadı da yox idi. Bu altmış beş yaş nə vaxt gəldi, necə gəldi heç bilmədi də… Onu qocaldan şagirdlərinin şəhid olması oldu. İndi elə bir gün olmazdı ki, onları xatırlamasın…
– Müəllim, ay müəllim, bu şeirdə “vətənimdir” sözü niyə üç dəfə deyilib? Şair ayrı söz tapa bilməyib? Eyni sözü üç dəfə təkrar edib…
Saniyə müəllimin yaxşı yadındadır… Məhəbbət həmişə qəribə, maraqlı suallar verərdi.
– Yox, Məhəbbət bala, Abbas Səhhət söz tapmaqda çətinlik çəkən şair deyildi. Bax tutaq ki, mən səndən soruşuram: Kimi çox istəyirsən? Sən cavab verirsən: Anamı! Bir də deyirəm: Lap çox kimi istəyirsən? Yenə deyirsən: Anamı! Üçüncü dəfə soruşuram: Anandan çox kimi istəyirsən? Sən də inadla deyirsən: Anamı! Anamı! Anamı! Bax, Abbas Səhhət də belə deyib: “Vətənimdir, Vətənimdir, Vətənimdir!” Yəni Vətəndən daha üstün, daha qiymətli, daha əziz heç nə yoxdur.
“Eh, xatirələr… xatirələr nə qədər şirin, nə qədər əlçatmazsınız! Kaş ki, o günlərin biri bu gün olaydı…”.
Saniyə müəllim çətinliklə ayağa qalxdı. Kədərlə darvaza tərəfə uzanan, ot basmış cığıra baxdı. O gözəl mahnı qulağında səsləndi: “Sən gələn yolları ot basıb indi…”. Gör kimlər gəlmişdi, kimlər getmişdi bu cığırla! Son qırx-qırx beş ildə kənddə yetişən həkimlərin, mühəndislərin, müəllimlərin… hamısının yolu bu cığırdan keçmişdi…
Fikirlər, xatirələr yordu Saniyə müəllimi. Üç aydan bəri daimi yoldaşı olmuş çarpayıya tələsdi. On addımlıq yolu on dəqiqəyə gəlib çatdı çarpayısına.
Yenə də xəyallar… xəyallar… Otağın tavanında baxdığı “kinolar”…
– Müəllim, bax gör mən necə yazmışam?
– Görüm… Afərin mənim Nuray balama. Nə gözəl yazmısan! Həmişə belə səliqəli yaz.
– Müəllim, mən də yazmışam, mənim də dəftərimə bax!
– Darıxma, Rəşadət, hamının tapşırığını yoxlayacam. Qoy Vəfa qızımın yazısına baxım sonra.
– Müəllim, o pis yazıb. Ona görə əlləri ilə örtüb.
– Yox, o da gözəl yazacaq. Heç belə qəşəng qız pis yazı yazar? İndi qələmi bir az düz tutmur. Ona görə əlləri mürəkkəb olub. Bax, barmağını bura qoy görüm. Qələmi çox ucdan tutma. Barmaqların bulaşmasın. Bax belə…
… İndi Nuray da, Rəşadət də institutu bitiriblər. Xaricdə yaşayırlar. Ah, cavanlıq, cavanlar. Macəra axtarırlar… Gəzin…Gəzin… Sonda görəcəksiniz ki, dünyanın incisi elə Azərbaycandı… Hələ öz oğlum. “Gələcəm, ana, gələcəm. Qoy vaxt varkən dünyanı gəzim, görüm… Daha başa düşmür ki, anası ölsə heç üçünə də gəlib çatmayacaq…”.
Saniyə müəllim birdən-birə özünü lap pis hiss elədi. Bədəni getdikcə halsızlaşırdı. İstədi qalxıb otursun. Sonra fikrindən daşındı: “Yox, qoy uzanım, yəqin həyətdə çox durdum. Olan qüvvəm də tükəndi”.
…Xoş bir bayğınlıq içində qapının döyüldüyünü hiss elədi. “Yəqin qonşudur. Sağ olsun gündə heç olmasa bir dəfə ara qapıdan keçib məni yoxlayır. Yaxşı ki, sən varsan! Yox, deyəsən, Sona deyil. O gələndə qapını döymür, eləcə çöldən hay-küy sala-sala gəlir”.
Ürəyində çoxdan “buyurun, gəlin içəri”, – desə də çöldəkilər handan-hana “gəl” sözünü eşitdilər.
Otağın alaqaranlığında gələnləri gec tanıdı. Daha doğrusu paltarlarından tanıdı. Hərbi paltarlarından. Keçmiş şagirdləri Mərahimlə Elməddin idi. Hər ikisi zabit idi. Kəlbəcərdə xidmət edirdilər. İlin-günün hansı vaxtında ailələri ilə görüşə gəlsələr lap on dəqiqəlik olsa da Saniyə müəllimə baş çəkirdilər.
Saniyə müəllimin gözlərinə işıq, ürəyinə qeyri-adi təpər gəldi. Nurlu sifəti bir az da gözəlləşdi. Cavanlar hər ikisi birdən:
– Müəllim, necəsiniz?
Saniyə müəllim gülümsünməyə çalışdı:
– Sizi görəndən sonra necə olaram? Əlbəttə ki, əla!
Mərahim həkim çağırmaq istədi. Saniyə müəllim qoymadı:
-Yox, yox, mənim balam, lazım deyil. Müalicəm təzə qurtarıb. Dərmanlarım da var.
Sonra zarafat elədi: Ürəkdir də ağrıyırsa, demək hələ ölməmişəm. Təki siz sağ olun. Siz yanımdasınız mənə həkim-zad lazım deyil. Hələ bir deyin görüm oralarda nə var, nə yox? Yenə farağat durmurlar?
Cavanların sifətinə xoş təbəssüm yayıldı:
– Dururlar, dururlar. Özbaşına deyillər ki! Durmayanda da cavablarını veririk. Arxayın olun.
– Arxayınam… Allaha şükür… Siz varsınız… Daha arxayınam…
Saniyə müəllim qürurla uzun-uzadı şagirdlərinin üzünə baxdı. Bu dəfə vaxtı ilə sinifdə sevə-sevə öyrətdiyi Molla Pənahın iki misra şeirini xatırladı:
“Hər kişi bir şey ki istədi, onu betər istədi,
Kimi təxti, kimi tacı, kimi əfsər istədi…”
Mən isə sizi istədim… sizi sevdim… sizi…
Ertəsi gün qoca həyətin, qoca ağaclarının altı insanla dolu idi. Həyəti basmış otlar adamların ayaqları altında torpağa yapışmışdı. Yolda maşın hərəkəti dayanmışdı. Küçənin o üz-bu üzündə yüzlərlə şagird əllərində güllərlə, bayraqlarla hazır dayanmışdılar. Bir tərəfdən əklillər gəlir, gələnlər getdikcə sıxlaşır, izdihama çevrilirdi. Bütün rayon əhalisi Saniyə müəllimə heç vaxt ödəyə bilməyəcəkləri ömür borcunun heç olmasa bir gününü ödəmək istəyirdilər.
… Artıq Saniyə müəllim buludlara çatmışdı. Aşağı – izdihama baxırdı. Gözəl sifəti daha da işıqlanmışdı. Toplaşanların əksəriyyəti qırx iki ildə gözünün nurunu verdiyi şagirdləri idi. “Kədərlənməyin, mənim əzizlərim, mən sizin hər birinizin qələm tutan əlinizdə, kitab oxuyan gözlərinizdə, vətən üçün çarpan ürəyinizdə yaşayacam”.
Başını qaldırıb daha yuxarı baxdı. Həsrətində olduğu şəhid şagirdləri – cavan fidanları buludların arasından ona əl uzadırdılar: “Gəl, sənin yerin bizim yanımızda – ən yüksək qatdadır, əziz müəllimimiz…”.