Dərc olunub: 06.01.2025

 

06.01.2024-cü il tarixindən Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 06.01.2025-ci il tarixindən 1.02.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün və “Maliyyə”, “Mühasibat”, “Marketinq” ixtisaslarının  V tədris ili qrupları üçün  06.01.2025-ci il tarixdən 11.02.2025-ci il tarixinədək, digər V tədris ili qrupları üçün 27.01.2025-ci il tarixindən 01.02.2025-ci il tarixinədək  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən (yazılı) keçirilir.

LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini bildirib.

Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi  günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək  təşkil olunacaq. Xatırladaq ki, 2 ildir ki,  tələbələrə imtahan günlərini və biletlərini elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) və tələbələrin şəxsi kabinetlərində operativ yerləşdirilməsi təmin ediləcəkdir. Həmçinin, tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(025-5-27-86; 025-5-54-18).

 

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları bu gündən fəaliyyətdədir və  imtahan  gedən bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün 08.30-dan 17.30-dək fəaliyyət göstərir. Xatırladaq ki, universitetin Elmi kitabxanasında müasir oxu zalları və  daim yenilənən elektron kitabxana tələbələrin ixtiyarındadır.